Multikulturalizm
Azərbaycanda həyat
tərzi kimi...
“Dinindən, dilindən, irqindən asılı
olmayaraq, Azərbaycanın bütün vətəndaşları
eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır!”
HEYDƏR ƏLİYEV
Multikulturalizm müxtəlif
mədəniyyətlərin birgə yaşaması, ahəngi və harmoniyasıdır. Dünyada nisbətən yeni
termin olmasına baxmayaraq, əslində multikulturalizm, əsrlər boyu xalqımıza xas
olan bir anlayış olub. Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və
mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin
nümayəndələrinə münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi
kimi tanınıb. Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin
daşıyıcısı olub, eyni zamanda, yanaşı yaşadığı xalqların mənəvi-mədəni
dəyərlərinə hörmətlə yanaşıb.
Azərbaycan etnosunun tarixini
nəzərdən keçirsək görərik ki, əhalinin 90%-ni təşkil edən azərbaycanlılardan
başqa, bu etnosun təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik
və milli qruplar iştirak etmişlər. Azərbaycan əhalisinin əsas hissəsi
azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 adda
millət və etnik qruplardan ibarətdir. Azərbaycanın etnik xəritəsində xüsusi
yeri olan ölkəmizin şimal bölgəsində yaşayan ləzgilər, tatlar, taleyini bu
torpağa bağlayan ölkəmizin cənub bölgəsində yaşayan talışlar, etnik
rəngarəngliyinə görə fərqlənən Zaqatala və Qax rayonlarında yaşayan avarlar,
ingiloylar, axaklar, Azərbaycanın Qafqaz dilləri ailəsinin ləzgi qrupuna daxil
olan saxurlar, Qəbələ rayonunda yaşayan udinlər, əsrlər boyu Azərbaycan xalqı
ilə qardaşlıq və dostluq şəraitində yaşayan dağ yəhudiləri, XX yüzillikdə ağır
məhrumiyyətlərlə qarşılaşan, bir neçə dəfə deportasiyaya məruz qalan vətən,
yurd sevgisi ilə yaşayan Ahıska türkləri, Azərbaycanda yaşayan milli azlıqların
nümayəndələrindən olan ruslar, ukraynalılar, polyaklar, almanlar, gürcülər,
tatarlar, eləcə də taleyini əbədi olaraq yurdumuza bağlayan digər xalqlar
bütövlükdə cəmiyyətimiz əsasını təşkil edir. Təsadüfi deyil ki, Qarabağ uğrunda
döyüşlərdə azərbaycanlılarla yanaşı digər xalqların da övladları erməni
işğalçılarına qarşı qəhrəmanlıqla döyüşmüşlər. Aydındır ki, onlar Azərbaycanı
Vətən seçdikləri üçün onun uğrunda vuruşmuş, şəhid olmuşlar. Təbii ki,
xalqımızın digər millətləri özündən ayırmaması, tolerantlığı, dözümlülüyü,
onlara Azərbaycana həqiqi vətən məhəbbəti bəxş etmişdir.
Müasir Azərbaycanda qədim alban
abidələri, müxtəlif xalqlara mənsub dini və tarixi abidələr, Xınalıq, Malakan,
Lahıc, Buduq, Nij, Krasnaya Slaboda və s. kimi müxtəlif tarixi-coğrafi məkanlar
dövlət səviyyəsində qorunmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasında milli
azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasını öyrənən şöbə, Mədəniyyət
və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası, etnik və
milli azlıqların mədəniyyət mərkəzlərinin işini əlaqələndirən Respublika Şurası
mövcuddur. Bu gün müxtəlif azsaylı xalqların folklor günləri təşkil edilir,
onların tarixi, mədəniyyəti, folkloru, musiqisi, etnoqrafiyası və s. ilə bağlı
elmi əsərlər, tədqiqat işləri ərsəyə gətirilir. Azərbaycan televiziya məkanında
azsaylı xalqların həyat tərzini əks etdirən sənədli filmlər nümayiş etdirilir,
həmçinin azsaylı xalqların cəmləşdiyi regionlarda regional televiziya kanalları
yayımlanır. Bu isə öz növbəsində hazırkı gərgin beynəlxalq şəraitdə dünyaya
sivilizasiyalararası dialoq sahəsində münasibətlərə nümunə olacaq bir
faktlardır.
Azərbaycan xalqının digər din və
mədəniyyətlərə dözümlü münasibət bəsləməsinin bir çox səbəbləri vardır. Bu
yanaşma Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən və xoş məramından
irəli gəlir. Bu humanist ənənə bu gün də qorunub saxlanılır, respublikamızda
sinaqoq və kilsələr məscidlərlə yanaşı fəaliyyət göstərir, insanlar dini
ayinlərini sərbəst yerinə yetirirlər. Hətta Azərbaycan Respublikasının
Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu təsbit
olunmuşdur. Bu təkcə qanunlarda deyil, real həyatda da öz əksini tapır. Dövlət
idarəetməsindən tutmuş milli azlıqlar Azərbaycan mətbuatında çıxış edə, hətta
kütləvi informasiya vasitələri belə təsis edə bilirlər. Necə ki, edirlər. Bu
gün Azərbaycanda sayından asılı olmayaraq bir çox milli azlıqlar həm yazılı,
həm də internet portallara sahibdirlər.
Azərbaycanda çoxmədəniyyətlilik öz
dəyərlər sistemimiz daxilində böyük sərvət kimi qəbul olunur. Lakin Qərbdə
hazırda bunun əksi olan proseslər müşahidə olunur. Belə fikirlər səslənir ki,
Qərb və islam mədəniyyətləri yanaşı yaşaya bilməz. İslam dini abidələrinə,
müsəlman geyim və davranış normalarına Fransa, İsveçrə, Belçika və digər Avropa
ölkələrində dözümsüzlük nümayiş etdirilir. Avropada müsəlmanların öz dinlərinə
sadiq qalmaları, bununla yanaşı islamın bir din olaraq populyarlaşması,
müsəlman əhalinin demoqrafik artım göstəriciləri Qərb cəmiyyətinin gələcəyi
üçün əsas narahatedici məqam kimi qəbul olunur. Bunun nəticəsidir ki, Qərbdə
islamı bir fobiya olaraq görürlər. Tarixi hadisələr göstərir ki, Qərbin dini
tolerantlıq və multikultural dəyərləri yalnız öz dini dəyərlərinin digərlərinə
qəbul etdirilməsi üzərində qurulmuşdur.
Azərbaycan bir çox millətlərin
yanaşı yaşamasının unikal nümunəsi olaraq, müxtəlif millətlərə və dinlərə
məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə islam
dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa
böyük önəm verir.
Təsadüfi deyil ki, son illərdə
ölkəmizdə dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlər
keçirilmişdir. Ölkə başçısının təşəbbüsü ilə Azərbaycan mədəniyyətlərarası dialoq
üçün bir mərkəzə çevrilmişdir.
Müasir zamanda müxtəlif yerlərdə
baş verən terror və müharibələr nəticəsində bəşəri dəyərlərin nümunələrinin
məhv edilməsi təhlükəsinin yarandığı bir şəraitdə ölkəmiz dünyaya tamamilə yeni
üfüqlər açmağa başlamış və Azərbaycanın təcrübəsinin öyrənilməsini bir model
olaraq təklif etmişdir.
Uzun illər istila və terrordan
əziyyət çəkmiş, ərazisinin iyirmi faizi təcavüzə məruz qalmış, müasir tarixində
Xocalı və Daşaltı kimi faciələri yaşamış xalqımız bəşəri dəyərlərin qorunmasının
vacibliyi öz siyasi kursu ilə isbatlanmışdır. Çünki tolerantlıq və
çoxmədəniyyətliliyin inkişafına sədaqət Azərbaycanın siyasətinin təməl
dəyərlərinə çevrilmişdir. Bununla da Azərbaycan özünün mulitkulturalizm modeli
ilə çoxmədəniyyətlilik və dini tolerantlığın təbliğinin demokratik dəyərlərin
tərkib hissəsi olduğu mesajını ətraf dünyaya verməkdədir. Məhz dinlər arasında
əmin-amanlığın təmin edilməsi, çoxmədəniyyətliliyin inkişafı ölkədə demokratik
dəyərlərin tərəqqisinə yol açan əsas amillərdəndir. Cənab İlham Əliyevin məşhur
"Multikulturalizmə alternativ yoxdur!" şüarı müxtəlif mədəniyyətlərin
bərabər imkanlara sahib olması ilə yanaşı, demokratik dəyərlərin inkişafının
labüdlüyünü özündə birləşdirir.
Bütün sadalanan faktlar göstərir
ki, Azərbaycanda çoxmədəniyyətlilik öz dəyərlər sistemimiz daxilində böyük
sərvət kimi qəbul olunur.Baxmayaraq ki. dünyanın bir çox yerlərində insanların
yaşayış yerinin müəyyən edilməsində onların dini mənsubiyyəti əsas meyar kimi
götürülür. Bir çox ölkələrdə yəhudilər, xristianlar, müsəlmanlar və digər
dinlərin nümayəndələri ayrı-ayrı məhəllələrdə yaşayırlar. Azərbaycanda isə
müxtəlif dinə mənsub insanlar bir küçədə, bir həyətdə, hətta bir evdə sərbəst
yaşayır və bir-birilərinin bayramlarında, dini ayinlərində bir ailə kimi
yaxından iştirak edirlər.
Bu baxımdan Azərbaycanın təcrübəsi
multikulturalizm ideyalarının təbliği üçün çox dəyərlidir. Çünki
multikulturalizm Azərbaycan insanının həyat tərzidir.
Комментариев нет:
Отправить комментарий