четверг, 28 декабря 2017 г.



Yeni il Bayramı — dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir

Yeni ildə Moskvada bəzədilmiş şam ağacı
Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaya çevrilərmiş". Yeri gəlmişkən, "Karnaval" sözü babil dilindən tərcümədə "gəmi-dəniz" deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.


Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü "Günəş qapısı" adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romadatəqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü – İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.
Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu. 

Yeni il Avropa ölkələrində
Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.

Yeni ildə İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.
İtaliyada yeni ildə uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə ilə vidalaşırlar. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.
Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Dəhşətli hadisə, çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.
Yeni ildə İslandiyada kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.
Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq.
Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba — Youlupukkidir.
İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır. Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.

Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları bacatəmizləyən və donuzdur. Bu, əlbəttə, sonuncunun bayram süfrəsində həzm-rabedən keçirilməsinə mane olmur. Yeni il Avstriyada çox şən keçir, insanlar yeni il gecəsini kücələrdə şənlənməklə və karnavallarla keçirirlər.
Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə, həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı 19-cu əsrin axırlarında dəbə mindi.
Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacağı atır, pəncərə və güzgülər parıldayana qədər silinir. Müxtəlif karnavallar, ballar təşkil olunur, hamı səhərə kimi rəqs edir

Braziliyada Yeni il toplardan atılan atəşlərlə qarşılanır. Atəş səsi eşidəndə hamı bir-birini qucaqlayıb öpməyə başlayır. İnanırlar ki, həmin an sənə əziz olan birini öpməyə imkan tapsan il xoşbəxtlik içində keçəcək.
Yaponiyada bayram günü budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.
Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını düşünürlər.
Ən qəribə bayram hədiyyələrini isə eskimoslar bir-birinə bağışlayırlar. Bu, morjların və ağ ayıların buzdan yonulmuş fiqurlarıdır. Qrenlandiyadakı hava şəraiti bu hədiyyələri uzun müddət saxlamağa imkan verir.



Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacısız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilə də keçirmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini də xristian dini ilə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə Əkin allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.
Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya, Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb.


суббота, 23 декабря 2017 г.

Təbriklər, cənab prezident

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür.

Təbriklər, cənab prezident!
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ.Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib.2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə qələbə qazanıb. İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq!


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva həyat yoldaşı, prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.
 "İlham Əliyev müasir dövrün siyasi elitasının görkəmli nümayəndələrindən biridir. Ona ilk növbədə can sağlığı, doğma Azərbaycanına xidmət etmək üçün qüvvə və qüdrət arzu edərdim. Arzu edərdim ki, Azərbaycanın gələcək inkişafına dair bütün planları, fikirləri, arzuları, diləkləri yerinə yetsin. Birdə mən ona səbr arzulamaq istərdim. Qarabağ düyününü açmaq üçün səbr. Əslində bu böyük arzudur. Amma mən inanıram ki, İlham bu yoldada böyük qələbəni əldə edəcək. Bu arzu da çin olacaq.
                             Əziz prezidentimiz, ad gününüz mübarək".




четверг, 21 декабря 2017 г.

HƏDƏFİMİZ ƏN YAXŞI MÜƏLLİMLƏRİ CƏMİYYƏTƏ TƏQDİM ETMƏKDİR..

https://www.facebook.com/boyukagamikayilli72?hc_ref=ARRGSFsFErNwJLSF4GwJ2NJuQpU4fM6-6hV2DJnMonyykHzIr2QjH1zPzG5pzrfL9Nc&pnref=story

HƏDƏFİMİZ ƏN YAXŞI MÜƏLLİMLƏRİ CƏMİYYƏTƏ TƏQDİM ETMƏKDİR..
Bu gün Səttar Bəhlülzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi, "Ən yaxşı müəllim" Respublika müsabiqəsinin qalibi İradə Məlikovanın 4-cü sinifdə apardığı açıq dərs Ukraynanın Lvov Dövlət Elm və Təhsil Departamentində, eləcə də vilayətin 8 məktəbində skayp vasitəsilə (ucqar kənd məktəbləri də daxil olmaqla) izlənildi. Müasir təlim texnologiyalarının, fəal təlim metodlarının tətbiqi şəraitində keçən dərs Ukraynalı təhsil işçilərinin, müəllimlərin böyük marağı ilə qarşılandı. Dərsdən sonra aparılan müzakirədə Ukraynalı təhsil işçilərinin, müəllimlərin dərsin gedişi ilə bağlı ünvanladıqları suallar cavablandırıldı. Azərbaycanlı müəllimin iş təcrübəsinin ölkə hüdudlarından kənarda izlənilməsi, yayılması novator təcrübə kimi müsbət dəyərləndirildi...

 Böyükaga Mikayıllı
Гордимося досвідом кращих вчителів ...
Сьогодні,
Він був проведений в рамках Українсько-Азербайджанського проекту «Міжнародний обмін досвідом» з напряму «Міст мультикультурно-просвітницької СПІВПРАЦІ»
спільно з Департаментом освіти і науки Львівської облдержадміністрації за участі 8-ми шкіл Львівщини. Переможець Республіканського конкурсу «Кращий учитель» Ірада Малікова разом з вихованцями 4-го класу продемонстрували новітні методи у проведенні інтегрованого уроку з використанням сучасних технологій навчання.
Досвід роботи вчителя був позитивно відмічений, як досвід новатора ..
20 грудня, через Skype-зв’язок відбувся відкритий інтерактивний урок, який транслювався з Гімназії Іноземних Мов міста Баку.
.















вторник, 12 декабря 2017 г.

Heydər Əliyevin vəfatından 14 il ötür...Ruhun behişt olsun, dahi Rəhbər!...

Heydər Əliyevin vəfatından 14 il ötür...Ruhun behişt olsun, dahi Rəhbər!...


Milyonların ürəyindədir, yaddaşındadır, dünəndir, bu gündür, sabahdır Ulu öndər!..
Azərbaycan adlı sabahın yaradıcısıdır
Ulu öndər!.. Ömrünü xalqına həsr etmiş görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, fenomenal şəxsiyyət, mahir diplomat, elmi düşüncənin müxtəlif sahələrinə aid orijinal ideyalar müəllifi,... Heydər Əliyevin şah əsəri dünya dövlətləri arasında artıq öz imzası olan müstəqil Azərbaycanımızdır!



Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

Təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.







понедельник, 20 ноября 2017 г.

https://www.facebook.com/boyukagamikayilli72/posts/2006871752929365


     “Bir kərə yüksələn bayraq bir daha enməz.”
"Təhsil və zaman" qəzetində dərc olunan bu yazı Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi İradə Məlikovanın şagirdləri ilə birgə təqdim etdiyi 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunur...
Dörd il əvvəlin söhbətidir. Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi İradə Məlikovanın birinci sinifdə aparacağı açıq dərsə dəvət olunmuşdum. Həmin dərs haqqında “Təhsil və zaman” qəzetində geniş məqalə yazdığım üçün bu haqda bircə onu deyəcəyəm ki, İradə Məlikovanın bir gün ərzində izlədiyim dərslərində diqqətimi çəkən ən mühüm məqam onun şagirdlərinin mənəvi tərbiyəsinə, onların şəxsiyyət kimi formalaşmasına, vətənpərvərlik hisslərinin yaranmasına böyük önəm verməsi idi. Bir müddət sonra isə İradə Məlikova ilə birlikdə Azərbaycan Təhsil Şurasının Ukraynanın Lvov şəhərində keçirdiyi və mənim koordinatoru olduğum “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq konfransda iştirak etdik. Azərbaycandan uzaqlarda təşkil olunan və Lvovun elm, təhsil ictimaiyyətinin marağına səbəb olan bu konfransın keçirildiyi günlərdə də İradə müəllim vətənsevər, peşəsini dərindən bilən təhsil işçisi kimi diqqətimi cəlb etdi. O, konfransdakı məruzəsində Azərbaycan təhsilinin inkişaf istiqamətlərini, Azərbaycanın Qarabağ kimi taleyüklü problemini qabartmaqla, böyük dinləyici auditoriyasının diqqətini cəlb edə bilmişdi. Bir neçə ay sonra isə İradə Məlikova yetirmələri ilə birlikdə işlədyi təhsil ocağında daha bir yaddaqalan tədbirin reallaşmasına nail oldu. O, ermənilərin Azərbaycanlılara qarşı törətdikləri Xocalı faciəsi haqqında ədəbi-bədii kompozisiya təqdim etdi. Bu tədbir məndə belə bir fikir formalaşdırdı ki, təcrübəli müəllim qarşısına qoyduğu vəzifəyə-ləyaqətli vətəndaş hazırlığı vəzifəsinə bütün ruhu ilə, qəlbi ilə çalışır. İradə Məlikova 2016-cı ildə daha böyük bir uğura imza atdı. O, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” Respublika müsabiqəsinin qaliblərindən oldu. Qeyd edim ki, İradə Məlikova 2009-cu ildə də bu müsabiqənin qaliblləri sırasında olub. Ümumiyyətlə, o, “Ən yaxşı müəllim” müsabiqəsinin iki dəfə qalibi seçilmiş az sayda müəllimlərdən biridir. 2015-ci ildə isə o, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Nəhayət, 2017-ci il noyabrın 7-də izlədiyim “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı ədəbi-bədii kompozisiya İradə Məlikova haqqında bir müəllim və şəxsiyyət kimi düşündüklərimin əsaslı olduğunu bir daha meydana qoydu.
Gimnaziyanın akt zalı Azərbaycanın üçrəngli bayrağının rənglərinə bələnmişdi. “Koroğlu” üvertürasının sədaları altında səhnəyə daxil olan 4b sinfinin şagirdləri ədəbi-bədii kompozisiya iştirakçılarını Azərbaycan, ingilis, rus, fransız dillərində salamladılar. Ədəbi-bədii kompozisiyanın maraqlı cəhətlərindən biri də ondan ibarət idi ki, o əvvəldən axıradək şagirdlər tərəfindən idarə olundu. Bu da belə bir qənaətə gəlməyə əsas verir ki, İradə Məlikova şagirdlərinə fikirlərini sərbəst ifadə etmək, geniş auditoriya qarşısında çıxış etmək, müzakirələrə qoşulmaq, öz mövqeyini müdafiə etmək, maraqlı kompozisiyalar təşkil etmək bacarıqlarını aşılaya bilib. Onlar 9 noyabr tarixini bayrağımızın ad günü adlandırıb onun keçib gəldiyi yolu şeirlərlə, mahnılarla, səhnəciklərlə ifadə etdilər. Qeyd etdilər ki, Bayraq Günü xalqımızın taleyində çox önəmli yer tutur. Çünki bu bayram dövlətimizin əsas atributlarından birini xarakterizə edir. Xalqımızın həyatında önəmli rol oynayan bir varlığın mövcudluğunu göstərir. Şagirdlərin bir-birinin ardınca səsləndirdikləri şeirlər, ifa etdikləri mahnılar onların böyük bayraq sevgisindən, ürəklərindəki vətən məhəbbətindən soraq verirdi. Diqqəti həm də bir məqam cəlb edirdi: Azərbaycanın tarxi, torpaqlarımızın zaman-zaman işğala məruz qalması, yağı düşmənə qarşı apardığımız qanlı mübarizələr şagirdlər tərəfindən səsləndirilir, gözlərdə, baxışlarda mübariz ruh, qələbə qazanmaq əzmi oxunurdu. Onlar Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə kimi görkəmli Azərbaycan şairlərinin şeir qabadlarında, Əli bəy Hüseynzadənin, Məmmədəmin Rəsulzadənin ideyası işəğında tarixin ənginliklərinə səyahət edir, bayrağımızın, millətimizin keçmişindən, tarixin sirli səhifələrindən soraq verir, bugünümüzə gəlir, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın tarixində ilk dəfə dalğalamdırdığı bayrağımızın müstəqilliyimizin əbədiliyinə, dönməzliyinə, sarsılmazlığına simvol olduğunu vurğulayırdılar.
Bayrağımızın tarixindən bəhs edərkən deyirdilər: Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda, üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Odur ki, Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Tarixdə səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilik. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz guşə-səkkiz türk xalqının simvoludur. Azərbaycanın Dövlət bayrağı ilk dəfə 1918- ci il Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin qərarı ilə qəbul edilib. Üçrəngli bayrağımız ikinci dəfə 1990-cu il noyabrın 17-də Naxçıvan Muxtar Respublkası Ali Məclisin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib.
2009-cu il noyabırın 17-də Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Ulu öndər bayrağımız haqqında deyib: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir."
Şagirdlərin təqdim etdikləri səhnəciklər arasında diqqəti xüsusilə Dədə Qorqud obrazının ifasında səslənən fikirlər cəlb etdi. Onun torpağın qüdrəti, xalqın, millətin taleyi üçün əhəmiyyəti, vətənin hər qarışının onun igid oğul və qızları tərəfindən göz bəbəyi kimi qorunmalı olduğu haqqında fikirləri şagirdlərin marağı ilə qarşılandı. Diqqət çəkən məqam həm də o idi ki, səhnəciklərlə bərabər monitorda müvafiq filmlərdən fraqmentlər göstərilir, mahnılar səsləndirilirdi. Bu da öz növbəsində təqdim olunan səhnəcik və musiqilərin təsir gücünü artırırdı. Bayram tədbirinin sonunda marş sədaları altında Azərbaycan bayrağı səhnəyə gətirildi. Şagirdlər bayraq ətrafında toplaşıb ona öz segilərini vətənpərvər ruhlu şeir və mahnılarla ifadə etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı olan Məmməd Əmin Rəsulzadənin
Sən bizimsən, bizimsən.... Durduqca bədəndə can.
Yaşa, yaşa çox yaşa , ey şanlı Azərbaycan!... Ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlmələri bayrağımıza, vətənimizə sevgi ruhu aşılayan həmişəuca səs kimi düşüncələrdə əks-səda verdi.
Bayram tədbirində çıxış edənlər-Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə xanım, Suraxanı Rayon İcra Hakimyyətinin ictimai-siyası və humanitar məsələlər şöbəsinin rəisi Barxudar Barxudarov, Respublika Veteranlar Təşkilatının hərbi vətənpərvərlik şöbəsinin rəisi polkovnik Adil Haqverdiyev, Respublika Veteranlar Təşkilatının üzvü İsmayıl İsmayılov, müharibə veteranı Seyfulla Baxışov, arxa cəbhə veteranı, qocaman təhsil işçisi Müseyib Bağırov, Suraxanı Rayon Veteranlar Şurasının sədri Eldar Rüstəmov, Suraxanı Rayon Uşaq Poliklinikasının şöbə müdiri Adilə Abdullayeva, Azərbaycan Təhsil Şurasının katibi, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi, “Ən yaxşı müəllim müsabiqəsi”nin qalibi Könül Təhməzova, eləcə də tədbirin təşkilatçısı İradə Məlikova Dövlətimizin atributu olan bayrağımızın tarixindən, onun keçib gəldiyi şərəfli yoldan, onun qürur mənbəyimiz olduğundan, eləcə də şagirdlərin ədəbi-bədii kompozisiyanı yüksək bədii-zövq, ədəbi-bədii kontekstdə təqdim etdiklərini dilə gətirdilər. Vurğuladılar ki, bu gün İradə Məlikova kimi müəllimlərin aşıladığı mənəvi, vətənpərvərlik ruhunda yetişən uşaqlar gələcəkdə vətənin layiqli müdafiəçiləri olacaqlar. Onlar torpaqlarımızı yağı düşməndən azad edəcək, üçrəngli bayrağımızı işğaldan azad edəcəkləri torpaqlarımıza sancacaqlar.
Tədbirin sonunda məktəbin direktoru Xəyalə xanıma və İradə Məlikovaya Respublika Veteranlar Təşkilatının Fəxri fərmanı təqdim olundu. İradə Məlikova da öz növbəsində şagirdlərini ədəbi-bədii kompozisiyanı yüksək səviyyədə təşki etdiklərinə görə diplomla mükafatlandırdı.
B.MİKAYILLI


среда, 8 ноября 2017 г.