суббота, 20 декабря 2014 г.

Yeni il Azərbaycanda.

Yeni il bayramı Yeni il bayramı — ilin sonuncu günündən növbəti təqvim ilinə keçid ilə əlaqədər keçirilən ən populyar bayramdır. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi var. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir. Yeni il nə vaxt olur? Görəsən, planetimizdə neçə Yeni il bayramı var? Bu, heç də asan sual deyil. Əvvəlcə, Yeni ili, ənənəvi olaraq, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qarşılayanlardan başlayaq: bunlar MDB məkanı ölkələri, Avstraliya, Şotlandiya, İtaliya, Avstriya, Yaponiya, Rumıniya, Kanada, ABŞ, Finlandiya və bir çox başqa ölkələrdir. Bunun ardınca Yeni il yanvarın 14-də Yunanıstana qonaq gəlir və Müqəddəs Vasili günü adlanır. Uşaqlar çəkmələrini səxavətli Vasilinin onların içinə hədiyyə qoyacağı ümidi ilə sobanın yanına qoyurlar və arzularına çatırlar. Sonra Ay təqviminə uyğun Yeni il gəlir. Onun dəqiq tarixi yoxdur, çünki yazın ilk təzə Ayı (hilal) çıxanda qeyd olunur. Ay təqvimi ilə Yeni il bayramını Çində, Malayziyada, Vyetnamda, Sinqapurda, Koreyada, Monqolustanda və Asiyanın digər ölkələrində, habelə buddizmə sitayiş edənlər keçirirlər. Müsəlmanların Hicri təqvimi ilə Yeni il birinci ayın ilk günü daxil olur. Bu tarix hər il dəyişir. Sonra hər il gecə ilə gündüzün bərabərləşdiyi gün - martın 21-dən 22-nə keçən gecə qarşıladığımız sevimli Novruz bayramı gəlir. Novruz Əfqanıstan, İran və Pakistanda, Orta Asiya respublikalarında və ölkəmizdə qeyd olunur. Növbəti gün, martın 22-də Yeni il Hindistanı haqlayır. Qeyd etmək lazımdır ki, Hindistanda Yeni il kimi qeyd olunan səkkiz tarix var. Aprelin 1-də - zarafatlar və oyunlar günündə Yeni ili Odessada və Birmada qarşılayırlar. Aprelin 13-də Yeni il Şri-Lankaya və Nepala, 14-də isə Laosa gəlir. Mayya tayfaları Yeni ili iyulun 16-da qeyd edirdilər. Cibuti və Nigerdə Yeni ili avqust ayında, Suriyada sentyabrın 1-də, Efiopiyada sentyabrın 11-də,Qambiyada oktyabrın 7-də, Yəməndə noyabrın 18-də, Okeaniyada və Havay adalarında noyabrın ortalarında qarşılayırlar. Yəhudilər Yeni ili (Roş xa-Şana) Tişrey (sentyabr) ayının1-ci və 2-ci günü qeyd edirlər. Oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Hellouin (Samayna) adı ilə məşhur olan kelt Yeni ilini Şotlandiya, İrlandiya və Men adasında qarşılayırlar. Yeni ili nə vaxt bayram etmək başlıca şərt deyildir. Əsas odur ki, qarşıdan gələn hər Yeni il insanlara xoşbəxtlik bəxş etsin. Yeni il bayramının tarixi Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda “qul ağaya çevrilərmiş”. Yeri gəlmişkən, “Karnaval” sözü babil dilindən tərcümədə “gəmi-dəniz” deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb. Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü “Günəş qapısı” adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü - İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü. Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa Peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu. Yanvar (latınca "Yanvarus") qədim Roma ilahisi Yanusun şərəfinə adlandırılmışdır.Qriqori təqvimində ilin 1-ci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilmişdir. Rusiyada I Pyotrun fərmanına əsasən Yuli təqviminə keçilmişdir. Həmin fərmana görə yanvarın 1-i - İsa peyğəmbərin təvəllüd günü ilin əvvəli kimi qəbul edilmiş və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlanmışdır. 1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında XX əsrdə 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. 1918-ci il yanvarın 31-dən sonrakı gün fevralın 13-ü hesab edilmişdir. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i istirahət günü kimi qeyd edilir. 2006-cı ildən başlayaraq, yanvarın 1 və 2-si bayram günləri hesab edilir və iş günü olmayan istirahət günləri kimi qeyd olunur. Yolka Yolka ağacıYeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacısız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilədə da keçinmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini də xristian diniylə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi. Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya — Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb. Santa Klaus və ya Şaxta baba Santa Klaus,Şaxta baba,Cəmiyyətimizdə rus dilindən (Дед Мороз) tərcümə edilən Şaxta baba kimi tanınan şəxsin dünyanın müxtəlif ölkələrində fərqli adları var: Sant Nikolas, Nikolas of Mariya, Santa Klaus, Pere Noel, müqəddəs ata Kristmas bunlardan bəziləridir. Yeni İl Bayramını, qış bayramını körpələrin öz doğma babalarından belə çox sevdikləri Şaxta babasız təsəvvür etmək mümkün deyil. Saç-saqqalı tamam ağ, başında qardan papaq olan bu mehriban qocanı dünyanın müxtəlif yerlərində müxtəlif cür adlandırsalar da, bu adlardan ən çox populyar olanı Santa-Klausdur. Bu obrazın yaranma tarixi əsrlərin dərinliyinə gedib çıxır və onunla bağlı ta qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayaraq şəkildən şəklə düşüb. Hazırda dünyada qeyd olunan “Yeni il” bayramının bir çox ənənələri Miladdan qaynaqlandığı üçün Şaxta baba-Santa Klaus obrazının əsli də xristian dünyasında axtarılır. Bugünkü Türkiyə Cümhuriyyətinin Muğla(Demre) vilayətinin Patara şəhərində Santa Klaus kilsəsi mövcuddur. Patara antik dövrdə mövcüd olmuş Hiziya dövlətinin şəhərlərindən biridir. Nikolas adlı bu keşiş 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Orta yaşlarında rahib Nikolas Patara şəhərinin baş keşişi seçilmişdi. Əfsanəyə görə həmin şəhərdə kasıb bir kişinin 3 qızı vardı. Bu qızlar cehiz üçün pul tapa bilmirdilər. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemi olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanırlar. Keşiş Nikolas öləndən sonra onun qəbri milyonlar ümid yeri olmuşdur. Nikolas 343-cü ildə 65 yaşında vəfat etmişdir.1087-ci ildə müsəlman türklər Patara və Mura şəhərlərini fəth etmişdilər. Bundan sonra xristian tacirlər bir gecə gizlicə keşiş Nikolasın qəbrini açmış, sümüklərini oğurlayaraq, Bari adasına aparmışdılar. Xristian dünyasında Şaxta baba Müqəddəs Nikolay kimi tanınır. Provaslav kilsəsi Müqəddəs Nikolayı səyahətçilərin himayədarı hesab edir. Katoliklər isə onu kasıblara və uşaqlara yardım edən müqəddəs hesab edirlər. Müqəddəs Nikolay sonralar Mərkəzi və Şimali Almaniyada Weinachtsmann (alman dilində Weinachten — milad, mann isə kişi deməkdir), İngiltərədə isə Father Christmams – Miladın Atası adlandırılıb. Avropalı mühacirlərlə Birləşmiş Ştatlaradək gedib çıxan Müqəddəs Nikolay burada artıq Santa Klausa çevrilib. Şimali Amerika ədəbiyyatında və təsviri sənətində Santa Klaus öz ağ saqqalı, qırmızı kürküylə 8 maral qoşulmuş arabasında milad gecəsi peyda olaraq sobaların borusundan evlərə daxil olur və sobanın yanından asılmış corabların içinə uşaqlar üçün hədiyyələr qoyur. Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Yeni il mesajları 1. Hər yeni il bir başqa gözəl.. 20.. yeni il sizlərə həyatınız boyunca unuda bilməyəcəyik gözəlliklər yaşatsın. Yeni iliniz mübarək olsun!!! 2. Hər kəs bir başqasına kömək etsəydi, hər kəsin işi edilmiş olar. Yeni il paylaşmalarımızın ili olsun. Xoşbəxtlik, sağlamlıq və sevinclər gətirsin. Xoşbəxt illər diləyirəm. 3. Heç səhv etməyən insan ümumiyyətlə heç bir şey edə bilməz. 20..-cu ildə səhvlərimizin az, müvəffəqiyyətlərimizin davamlı olması diləyiylə xoşbəxt illər.. 4. Sahib olduqlarımızla yaşamağı öyrənmək bir müddət, bir iştirak, yəni həyatımızın yoğurulmasıdır. Gələcək illər varlığımızı zənginləşdirəcək. Yeni il ilk addım.. Nə qədər illər, xoşbəxt illər. 5. Gül üçün tikana razı olarsınızmı, yoxsa tikanı da gülü də rəddmi edərsiniz? Yeni illərdə güllərlə dolu günlərin tikanları sizi düşmənləri qoruyan çırtlayar olsun. Xoşbəxt İllər!! 6. Harada həyat varsa, orada ümid də vardır. Yeni ildə bütün ümidlər və müvəffəqiyyətlər səninlə olsun. Xoşbəxt İllər diləyirəm. 7. Zamanı edə bilməyəcəyimizi şeyləri istəməklə keçirdiyimiz deyilər. Halbuki gücümüz bütün zamanları məcbur edər. Yetər ki özümüzə və dostlarımızın gücünə inanaq. Yeni ildə inancımızı gücləndirməmiz və xoşbəxt olmamız diləklərimlə.. 8. Dünyanı dəyişdirmək istəsən ürəyinə inan , dostlarına güvən, sevginə sarıl.. Yeni il sənin müvəffəqiyyətlərinin açarıyla bütün qapıları açacaq.. Xoşbəxt İllər!! 9. İnsan, hədiyyəsini ürəyi ilə birlikdə verməzsə nə dəyəri vardır. Yeni illər Tanrının bizlərə verdiyi hədiyyədir. Ən xoşbəxt günlər səninlə olsun.. Hədiyyəsinlə ucal.. 10. Ən pis günümüz heç gülmədiyimiz gündür. Yeni ilin dolu dolu və geniş ən səmimi gülümsəmələrə açılması diləyiylə xoşbəxt illər.. 11. Yeni il bizlərə müqəddəs olsun.. Yeni il sizlərə də müqəddəs olsun.. Sağlamlıq, müvəffəqiyyət və xoşbəxtlik dolu olsun. 12. 20..-cu ildə də heç ümidsiz qalmamağın və xəyallarına qovuşmağın diləyimlə. Yaxşı və sağlam illər! 13. Qardaşlığın doğulduğu, sevgilərin birləşdiyi, bəlkə durğun, bəlkə yorğun, yenə də xoşbəxt, yenə də ümidli, yenə də sevgi dolu nə qədər illərə! Qəribə "Yeni il" adətləri Dünyada Yeni il bayramı müxtəlif yerlərdə müxtəlif cür qeyd edilir. Hər ölkənin və ərazinin də öz adət-ənənələri var. Simsar.az bir neçə qeyri-adi adət-ənənəni sizinlə bölüşür. Estoniyada süfrədə 7 cür bişirilmiş yeməyin olmasına diqqət edilir. 7 cür yemək bişirmək gələcək ildə bolluq olması deməkdir. Bundan əlavə, bir nəfərin 7 nəfərlik yemək yeməsi həmin insanın 7 insanın gücünə yiyələnməsi kimi qiymətləndirilir. Argentinada yeni il günü saat 00:00-ı göstərən zaman sağ ayağınızı irəliyə uzatsanız, yeni ilə sağ ayaqla girmiş olarsınız və bütün il uğurlu keçər. Çilidə isə yeni ilə girərkən bir qaşıq mərci yeməyin qarşıdakı ildə çoxlu pul gətirəcəyinə inanırlar. Yeni Zellandiya camaatı yeni il gecəsi küçələrə axışırlar. Onlar əllərindəki qazan-qaşıqla mümkün qədər yüksək səs çıxarmağa çalışırlar. Panamada isə yeni il gecəsi “muneco” adlandırılan gəlincikləri yandırırlar. Bununla da pis ruhlar yeni ildə insanlara zərər verə bilmirlər. İspaniyada gecə yarısı saat zəngi çalınarkən hər çalınmaya görə bir gilə üzüm yemək lazımdır. Braziliyada çimərliyə axışan insanlar 7 dalğanın üzərindən hoppanmağa çalışırlar. Bu, bizim Novruz bayramında tonqaldan hoppanmağımıza bənzəyir. Kolumbiyalılar boş çamadanlarla küçələrdə gəzirlər. Bu o deməkdir ki, yeni ildə bol-bol səyahətlər edəcəksiniz. Şotlandiyada yeni il girər-girməz dost-tanış bir-birinin evinə qonaq olur. Onlar özləri ilə ənənəvi – çörək, viski, duz, kömür kimi hədiyyələr aparırlar.

суббота, 6 декабря 2014 г.

Dekabrın 12-si xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin anım günüdür.

. Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox siyasi xadimlər gələcək, amma ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə çatmaq kimsəyə nəsib olmayacaqdır. Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit siyasət nəhəngi Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən böyük fəxrlə demişdir: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”. Heydər Əliyev irsinin araşdırılması ilə məşğul olan bir çox müəlliflər ulu öndəri XX əsrin siyasət nəhəngləri, mənsub olduqları xalqlar üçün əvəzsiz xidmətlər göstərmiş Şarl de Qoll, Corc Vaşinqton, Uinston Çörçill, Konrad Adenauer və digərləri ilə bir sıraya qoyurlar. Amma bu şəxsiyyətlərin hər birinə böyük hörmət hissi ilə qeyd etməliyik ki, onlar yaşadıqları bir ictimai-siyasi formasiyanın verdiyi imkanlardan məxsus olduqları xalq üçün maksimum istifadə etməyə çalışmış və buna nail olmuşlar. Heydər Əliyev isə həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması üçün titanik əmək sərf etmiş, mənsub olduğu xalqın və eyni zamanda özünün adını əbədi olaraq tarixə yazmışdır. Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Ulu öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır. Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmət ilə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. Ulu öndərin xidmətlərini təhlil etdikdə aydın olur ki, bu dərin zəka sahibi hələ dövlət təhlükəsizlik orqanı kimi çox sərt rejimli bir strukturda çalışanda belə milli mənsubiyyəti ilə fəxr etmiş, qəlbində Azərbaycanın müstəqillik arzularını yaşatmışdır. Bu arzular ulu öndərin bütün fəaliyyəti boyu çox aydın şəkildə özünü göstərmişdir. Heydər Əliyevin dövlətçilik səriştəsi, dərin zəkası, fenomenal yaddaşı, insanları idarə etmək bacarığı həmin vaxt SSRİ-nin tərkibində olan bütün xalqlar tərəfindən yüksək qiymətləndirilmişdir. Ümummilli liderimizin keçmiş Sov.İKP MK Siyasi Bürosunun üzvləri arasında xüsusi yeri adi vətəndaşlar tərəfindən qürurla qeyd edilir, SSRİ-nin gələcək rəhbəri vəzifəsinə namizədlər sırasında birinci Heydər Əliyevin adı çəkilirdi. Hətta SSRİ dağıldıqdan sonra xalq arasında belə bir fikir dolaşırdı ki, əgər müəyyən məqamlarda SSRİ-nin hakimiyyət sükanı arxasında dahi Heydər Əliyev kimi güclü xarakterə malik insan olsaydı, bu qədər faciələr baş verməyəcəkdi. Bu, sovet imperiyası süquta uğrayandan sonra bütün postsovet məkanında daha çox səslənən ən populyar fikirlərdən biri idi. Çünki bu şəxsiyyətin nüfuzu, gücü və xalqın ona məhəbbəti hamıya məlum idi. Amma belə olmadı və Sovet İttifaqı dağıldı. Sovet respublikalarından ən çox zərər çəkəni isə məhz Azərbaycan oldu. Heydər Əliyevin böyük nüfuzu M.Qorbaçova və onun erməni əlaltılarına öz çirkin planlarını həyata keçirmədə mane olurdu. Heydər Əliyev Qorbaçovun haqsız təzyiqlərinə baxmayaraq, onun yeritdiyi siyasi xətti, xüsusilə Qafqazda apardığı milli siyasəti kəskin şəkildə tənqid edir, yetişməkdə olan Qarabağ problemi haqqında xəbərdarlıq edirdi. Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra hadisələr sürətlə cərəyan etməyə başladı. Minlərlə azərbaycanlı əzəli torpaqlarından, yurd-yuvalarından qovuldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakını işğal edib yüzlərlə insanı gülləbaran etdi. Bu ağır faciənin acısına dözməyən Heydər Əliyev heç bir təzyiq, təqib və təhdidə məhəl qoymadan, Moskvanın mərkəzində hiddət və qəzəbini bütün dünyaya bəyan etdi. Haqqın və ədalətin bərpası üçün isə tarixə elə böyük vaxt lazım gəlmədi. Azərbaycan xalqı öz sevimli oğlunu, böyük dahi və parlaq şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı. Ulu öndərin qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqın son ümid yeri Heydər Əliyev idi. Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı. Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasını işləyib hazırladı. Ümummilli liderimiz böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividendi yaxşı duyurdu. Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı. Ulu öndər Heydər Əliyev bu sahəni özü qədər inandığı ən yaxın silahdaşı İlham Əliyevə tapşırdı. Bundan sonra danışıqlarda əsas üstünlük “açıq qapılar” və “balanslaşdırılmış siyasət” prinsiplərinə verildi. Bir tərəfdən təmkin və səbri, yüksək intellekti və insani keyfiyyətləri ilə mütənasib olan praqmatizmi, digər tərəfdən böyük müəllimi Heydər Əliyev kimi fenomenin qiymətli tövsiyə və məsləhətləri gənc İlham Əliyevə bu mühüm tapşırığın öhdəsindən layiqincə gəlməyə imkan verdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi. Vaxtı ilə “Neft daşları”nın salınması Azərbaycanı Xəzərin hökmdarı etmişdisə, Heydər Əliyevin qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” də müstəqil ölkəmizi dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi. Ulu öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları və hətta reallaşacağına şübhə etdikləri BTC 2006-cı ildə işə salınanda bp şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: “BTC-nin fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi”. Amma dünyanın enerji xəritəsini dəyişən BTC yox, onun yaradıcısı, Azərbaycanın dahi oğlu Heydər Əliyev oldu. Ümummilli lider müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzuolunan nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də neft gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyin, infrastruktur layihələrinin reallaşdırılmasına çalışmağın vacib olduğunu qeyd edir və buna səy göstərirdi. Postsovet məkanında ilk dəfə Azərbaycanda Heydər Əliyevin göstərişi ilə torpaq islahatına başlandı. Kolxoz və sovxozların şəxsi və fermer təsərrüfatlarına çevrilməsi kənd təsərrüfatının inkişafında yeni üfüqlər açdı. Ulu öndərin təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəltdi, ona yeni nəfəs verdi. Qısa müddətdə bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşmağa, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti yaranmağa başladı. Böyük dövlət xadimi Heydər Əliyev yüksək diplomatik səviyyə nümayiş etdirərək, öz şəxsi nüfuzu sayəsində Azərbaycanı beynəlxalq siyasətin diqqət mərkəzinə çəkir, tanıdır və başqalarını ona inanmağa, hörmət etməyə, sözünü eşitməyə məcbur edirdi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Bu fəlsəfə onun memarı olduğu müstəqil Azərbaycanda öz real əksini tapdı. Ulu öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Tarix dahi şəxsiyyətin uzaqgörənliyini yenə təsdiqlədi. Bunun üçün elə də böyük vaxt lazım olmadı. Əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev artıq ikinci dövr üçün dövlətimizin başçısı seçilmişdir və ulu öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir. Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırmışdır. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır. Bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır