Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən
sonra o,Bakıda ana
dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu
qəzetin ilk nömrəsi 1875-ci
il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün
Qafqazda əks-səda doğurmuşdu.1875-1877-ci illər ərzində
fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi"
qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol
oynamışdır.
Qəzetin mütərəqqi ideyaları Rusiya hakim
dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.Azərbaycan mətbuatının
ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər
olmuşdu. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül"
(1880),"Kaspi" (80-90-cı
illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M.
Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni
demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə
öz nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905),
"Açıq söz" (1915), "Azərbaycan " (1918) kimi demokratik
ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.
Molla Nəsrəddin jurnalı
1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə
başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru
Xədicə xanım Əlibəyova olan "İşıq" jurnalının bütün əməkdaşları
qadınlardan ibarət idi. Sovet hakimiyyəti dövründə bütün sovet
respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının
ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi.
Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet
və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü.
Kommunist Partiyasının orqanı olan "Pravda" (bu qəzetin dilimizə
tərcüməsi "Həqiqət" olsa da, səhifələri qərb demokratiyasına qarşı
iftiralarla, ictimai və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan
informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün -5 may Mətbuat
Günü kimi qeyd olunurdu.
Azərbaycan öz müstəqilliyini bərpa
etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də
özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və jurnal
fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
"Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və
Jurnalistika Günü kimi qeyd olunmağa başladı.