Əsas səhifə

суббота, 30 января 2016 г.


       Multikulturalizm Azərbaycanda həyat  

                       tərzi kimi...
       “Dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün     vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır!”
                                                                                                                                     HEYDƏR ƏLİYEV


        Multikulturalizm müxtəlif mədəniyyətlərin birgə yaşaması, ahəngi və harmoniyasıdır. Dünyada nisbətən yeni termin olmasına baxmayaraq, əslində multikulturalizm, əsrlər boyu xalqımıza xas olan bir anlayış olub. Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin nümayəndələrinə münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi kimi tanınıb. Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub, eyni zamanda, yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinə hörmətlə yanaşıb.
Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək görərik ki, əhalinin 90%-ni təşkil edən azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar iştirak etmişlər. Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir. Azərbaycanın etnik xəritəsində xüsusi yeri olan ölkəmizin şimal bölgəsində yaşayan ləzgilər, tatlar, taleyini bu torpağa bağlayan ölkəmizin cənub bölgəsində yaşayan talışlar, etnik rəngarəngliyinə görə fərqlənən Zaqatala və Qax rayonlarında yaşayan avarlar, ingiloylar, axaklar, Azərbaycanın Qafqaz dilləri ailəsinin ləzgi qrupuna daxil olan saxurlar, Qəbələ rayonunda yaşayan udinlər, əsrlər boyu Azərbaycan xalqı ilə qardaşlıq və dostluq şəraitində yaşayan dağ yəhudiləri, XX yüzillikdə ağır məhrumiyyətlərlə qarşılaşan, bir neçə dəfə deportasiyaya məruz qalan vətən, yurd sevgisi ilə yaşayan Ahıska türkləri, Azərbaycanda yaşayan milli azlıqların nümayəndələrindən olan ruslar, ukraynalılar, polyaklar, almanlar, gürcülər, tatarlar, eləcə də taleyini əbədi olaraq yurdumuza bağlayan digər xalqlar bütövlükdə cəmiyyətimiz əsasını təşkil edir. Təsadüfi deyil ki, Qarabağ uğrunda döyüşlərdə azərbaycanlılarla yanaşı digər xalqların da övladları erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşmüşlər. Aydındır ki, onlar Azərbaycanı Vətən seçdikləri üçün onun uğrunda vuruşmuş, şəhid olmuşlar. Təbii ki, xalqımızın digər millətləri özündən ayırmaması, tolerantlığı, dözümlülüyü, onlara Azərbaycana həqiqi vətən məhəbbəti bəxş etmişdir.
Müasir Azərbaycanda qədim alban abidələri, müxtəlif xalqlara mənsub dini və tarixi abidələr, Xınalıq, Malakan, Lahıc, Buduq, Nij, Krasnaya Slaboda və s. kimi müxtəlif tarixi-coğrafi məkanlar dövlət səviyyəsində qorunmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasını öyrənən şöbə, Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası, etnik və milli azlıqların mədəniyyət mərkəzlərinin işini əlaqələndirən Respublika Şurası mövcuddur. Bu gün müxtəlif azsaylı xalqların folklor günləri təşkil edilir, onların tarixi, mədəniyyəti, folkloru, musiqisi, etnoqrafiyası və s. ilə bağlı elmi əsərlər, tədqiqat işləri ərsəyə gətirilir. Azərbaycan televiziya məkanında azsaylı xalqların həyat tərzini əks etdirən sənədli filmlər nümayiş etdirilir, həmçinin azsaylı xalqların cəmləşdiyi regionlarda regional televiziya kanalları yayımlanır. Bu isə öz növbəsində hazırkı gərgin beynəlxalq şəraitdə dünyaya sivilizasiyalararası dialoq sahəsində münasibətlərə nümunə olacaq bir faktlardır.
Azərbaycan xalqının digər din və mədəniyyətlərə dözümlü münasibət bəsləməsinin bir çox səbəbləri vardır. Bu yanaşma Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən və xoş məramından irəli gəlir. Bu humanist ənənə bu gün də qorunub saxlanılır, respublikamızda sinaqoq və kilsələr məscidlərlə yanaşı fəaliyyət göstərir, insanlar dini ayinlərini sərbəst yerinə yetirirlər. Hətta Azərbaycan Respublikasının Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu təkcə qanunlarda deyil, real həyatda da öz əksini tapır. Dövlət idarəetməsindən tutmuş milli azlıqlar Azərbaycan mətbuatında çıxış edə, hətta kütləvi informasiya vasitələri belə təsis edə bilirlər. Necə ki, edirlər. Bu gün Azərbaycanda sayından asılı olmayaraq bir çox milli azlıqlar həm yazılı, həm də internet portallara sahibdirlər.
Azərbaycanda çoxmədəniyyətlilik öz dəyərlər sistemimiz daxilində böyük sərvət kimi qəbul olunur. Lakin Qərbdə hazırda bunun əksi olan proseslər müşahidə olunur. Belə fikirlər səslənir ki, Qərb və islam mədəniyyətləri yanaşı yaşaya bilməz. İslam dini abidələrinə, müsəlman geyim və davranış normalarına Fransa, İsveçrə, Belçika və digər Avropa ölkələrində dözümsüzlük nümayiş etdirilir. Avropada müsəlmanların öz dinlərinə sadiq qalmaları, bununla yanaşı islamın bir din olaraq populyarlaşması, müsəlman əhalinin demoqrafik artım göstəriciləri Qərb cəmiyyətinin gələcəyi üçün əsas narahatedici məqam kimi qəbul olunur. Bunun nəticəsidir ki, Qərbdə islamı bir fobiya olaraq görürlər. Tarixi hadisələr göstərir ki, Qərbin dini tolerantlıq və multikultural dəyərləri yalnız öz dini dəyərlərinin digərlərinə qəbul etdirilməsi üzərində qurulmuşdur.
Azərbaycan bir çox millətlərin yanaşı yaşamasının unikal nümunəsi olaraq, müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə islam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir.
Təsadüfi deyil ki, son illərdə ölkəmizdə dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlər keçirilmişdir. Ölkə başçısının təşəbbüsü ilə Azərbaycan mədəniyyətlərarası dialoq üçün bir mərkəzə çevrilmişdir.
Müasir zamanda müxtəlif yerlərdə baş verən terror və müharibələr nəticəsində bəşəri dəyərlərin nümunələrinin məhv edilməsi təhlükəsinin yarandığı bir şəraitdə ölkəmiz dünyaya tamamilə yeni üfüqlər açmağa başlamış və Azərbaycanın təcrübəsinin öyrənilməsini bir model olaraq təklif etmişdir.
Uzun illər istila və terrordan əziyyət çəkmiş, ərazisinin iyirmi faizi təcavüzə məruz qalmış, müasir tarixində Xocalı və Daşaltı kimi faciələri yaşamış xalqımız bəşəri dəyərlərin qorunmasının vacibliyi öz siyasi kursu ilə isbatlanmışdır. Çünki tolerantlıq və çoxmədəniyyətliliyin inkişafına sədaqət Azərbaycanın siyasətinin təməl dəyərlərinə çevrilmişdir. Bununla da Azərbaycan özünün mulitkulturalizm modeli ilə çoxmədəniyyətlilik və dini tolerantlığın təbliğinin demokratik dəyərlərin tərkib hissəsi olduğu mesajını ətraf dünyaya verməkdədir. Məhz dinlər arasında əmin-amanlığın təmin edilməsi, çoxmədəniyyətliliyin inkişafı ölkədə demokratik dəyərlərin tərəqqisinə yol açan əsas amillərdəndir. Cənab İlham Əliyevin məşhur "Multikulturalizmə alternativ yoxdur!" şüarı müxtəlif mədəniyyətlərin bərabər imkanlara sahib olması ilə yanaşı, demokratik dəyərlərin inkişafının labüdlüyünü özündə birləşdirir.
Bütün sadalanan faktlar göstərir ki, Azərbaycanda çoxmədəniyyətlilik öz dəyərlər sistemimiz daxilində böyük sərvət kimi qəbul olunur.Baxmayaraq ki. dünyanın bir çox yerlərində insanların yaşayış yerinin müəyyən edilməsində onların dini mənsubiyyəti əsas meyar kimi götürülür. Bir çox ölkələrdə yəhudilər, xristianlar, müsəlmanlar və digər dinlərin nümayəndələri ayrı-ayrı məhəllələrdə yaşayırlar. Azərbaycanda isə müxtəlif dinə mənsub insanlar bir küçədə, bir həyətdə, hətta bir evdə sərbəst yaşayır və bir-birilərinin bayramlarında, dini ayinlərində bir ailə kimi yaxından iştirak edirlər.
Bu baxımdan Azərbaycanın təcrübəsi multikulturalizm ideyalarının təbliği üçün çox dəyərlidir. Çünki multikulturalizm Azərbaycan insanının həyat tərzidir.




Комментариев нет:

Отправить комментарий