HƏMRƏYLİK GÜNÜMÜZÜN TARİXİ
31
dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü artıq Azərbaycan
tarixində milli birliyimizin rəmzinə çevrilmişdir.
1989-cu ilin soyuq dekabrın son günlərində ikiyə
bölünmüş bir millət arasında sərhəd dirəklərinin dağıdılması
həmrəyliyimizə, birliyimizə doğru atılan ilk addım oldu.
Müstəqilliyimizin ilk illərindən Azərbaycanın qarşısanda
duran ən mühüm vəzifələrdən biri dünya azərbaycanlılarının vahid bir ideya
ətrafında birləşməsi idi. Azərbaycanlılar harada yaşamalarından asılı
olmayaraq yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya
etməklə bərabər, xalqımızın adət-ənənələrini, dilini, mədəniyyətini
yaşatmaq, həmin ölkədə təbliğ etmək missiyasını həyata keçirmək,
doğma vətənləri ilə daha möhkəm əlaqələr qurmaq kimi bir vəzifəni yerinə
yetirməyə Azərbaycan naminə borclu idilər.
Ümummilli liderimiz Heydər Əliyev diaspor
təşkilatlarının, müxtəlif səbəblərdən dünyanın hər yerinə səpələnmiş
azərbaycanlıların milli birliyinin ölkəmiz üçün vacib olduğunu həmişə xüsusi
vurğulayırdı. 1991-ci il dekabrın 16-da ümummilli liderin təşəbbüsü ilə
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının
həmrəylik və birlik günü haqqında” qərar qəbul etmişdir. Heydər
Əliyev deyirdi: "Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər
olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün
qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar
da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında
fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın
müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa
fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət
etməlidir".
Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın
23-də imzaladığı sərəncama əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən
dünya azərbaycanlılarının birinci dünyanın müxtəlif ölkələrində yaşayan
həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da
möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin
olunması, Azərbaycan cəmiyyət və birliklərinin fəaliyyətinin
gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı. Qurultaydan
sonra diaspor hərəkatı sahəsində dövlət siyasətini daha səmərəli həyata
keçirmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsi yaradıldı, "Xaricdə yaşayan azərbaycanlılarla bağlı
dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul
edildi.
"Mən demək olar ki, səfər etdiyim əksər ölkələrdə
Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişəm. Biz, bir
tərəfdən, onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar
yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar. Həm icra
orqanlarında, həm qanunvericilik orqanlarında, həm də biznes sahəsində onların
mövqeləri daha da güclənsin. Yəni bu, bizim vəzifəmizdir. Eyni zamanda onlar da
doğma vətənlərinə xidmət etməli, kömək göstərməlidirlər" - deyən
Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə
2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayı
keçirildi. 2007-ci il martın 9-da Bakıda Dünya Azərbaycan və türk diaspor
təşkilatları rəhbərlərinin I forumu, noyabrın 17-dən 19-dək keçirilən
Türk dövlət və cəmiyyətlərinin 11-ci Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı
da birləşməyə doğru atılmış real addımlar oldu. 2008-ci ildə Dünya
Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş
"Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" həmvətənlərimiz
qarşısında qoyulan vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində
əhəmiyyətli rol oynadı.
2011-ci il iyulun 5-də Bakı şəhərində Dünya
Azərbaycanlılarının III qurultayı keçirildi. Bu qurultay xaricdə yaşayan
soydaşlarımızın, Azərbaycan icmalarının qarşısına yeni vəzifələr qoymaqla
bərabər azərbaycanlıların milli birliyi və diaspor quruculuğu istiqamətində
yeni səhifələr açdı.


Комментариев нет:
Отправить комментарий