23 avqust Cəbrayıl rayonunun işğalı günüdür.Cəbrayıl
rayonunun tarixi keçmişi haqqında.......
1993-cü il avqustun 23-dən həsrətini çəkdiyimiz rayonlardan biri də
Cəbrayıldır. Ərazisi 105 min hektardır. Bu torpaq onlarla tarixi abidənin
məskəninə çevrilib. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri,
səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan
sənətimizin baniləri – Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq
Humayın vətənidir.
Cəbrayıl rayonu
Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının cənub Şərqində,
Araz çayının sol sahilində, cənub tərəfdən İran İslam Respublikası,
cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli
rayonları ilə həmsərhəddir. Qarabağın öz dilbər guşələri ilə seçilən buz
bulaqları, zümrüd meşələri, əzəmətli dağları, zəngin tarixi-mədəni abidələri
ilə yadda qalan gözəl yerlərindən biridir bu torpaq. İran tarixçisi Həmdullah
Qəzvininin (XIII-XIV əsrlər), Azərbaycan tarixçiləri A. Bakıxanov, Əhməd bəy
Cavanşir, Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy və başqalarının əsərlərində
zəngin tarixi keçmişi olan Cəbrayıl haqqında qiymətli məlumatlara rast gəlinir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Qasım bəy Zakir, Cəlil
Məmmədquluzadə vaxtilə Cəbrayıl qəzasının əhalisinin güzəranı, onların
adət-ənənələri, mədəniyyəti barəsində maraqlı fikirlər söyləmişlər. Alimlərin
fikrincə, Cəbrayıl əraziləri insanın formalaşdığı yerlərdən biri olmuşdur. Belə
ki, məhşur Azıx mağarasının Cəbrayıl qəzası ərazisində olması, eyni zamanda
Dağtumas kəndi yaxınlığındakı yaşayış üçün təbii məhsulların və əmək alətlərinin
bol olduğu “Nəfəsli dərə” deyilən ərazidə yerləşən “Divlər sarayı” mağarası
deməyə əsas verir ki, ibtidai insanın yaşadığı yerlərdən biri də məhz Cəbrayıl
ərazisidir. Bəzi tədqiqatçılara görə, Azıxda yaşayan ulu əcdadlarımızla “Divlər
sarayı”nda yaşayan qədim insanlar arasında müəyyən əlaqələrin olması istisna
deyildir. Rayonun Diridağı zonası, Ziyarət və Gordubaba dağ əraziləri yaşayış
üçün əlverişli olmuşdur. Bunlar bitki örtüyü ilə daha zəngindir. Diridağın
cənub ətəklərində, Arazboyu zolaqlarında, Qız qalası yaxınlığında, hətta XX
əsrin əvvəllərinə qədər də keçilməz meşələr var imiş. Fikrimizcə, bu dağın Diri
adlandırılması da burada insanın yaşaması üçün hər şəraitin olması ilə
bağlıdır. Şübhəsiz ki, hələ Cəbrayıl yer adının formalaşmasından çox-çox əsrlər öncə bu torpağın insanları ayrı-ayrı
yaşayış məskənləri salmışlar.
Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından
götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış
Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət
dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus
olub. (XVII-XVIII-ci yüzillərdə “Cəbrayıl” sözü ilə bağlı dolaşıq izahlar olub.
Belə ki, 1873-cü ildə Tiflisdəki “Qafqaz” qəzetinin əməkdaşı H.Kokçayev yazırdı
ki, “Cəbrayıl” tatar sözüdür, ona rusca “Qavril” deyilir. Bunu 19-cu yüzildə
rus qafqazşünası K.Qan da təsdiqləyərək əlavə edir ki, bu adın islam dini ilə
daha çox bağlılığı var. 1876-cı ildə Azərbaycana ikinci dəfə gələn Kokçayev bu
dəfə etnoqrafik məlumatlara əsaslanaraq Cəbrayılı tarixi şəxs adlandırır,
əvvəlkindən fərqli fikir söyləyir. Yazır ki, Cəbrayıl keçmiş zamanlarda yaşamış
Soltan Əhməd adlı bir hökmdarın yaxın adamlarından olub. Ziyarət dağından Araz
çayına qədər torpaqlar da məhz Cəbrayıla və onun qohumlarına məxsus imiş“.)
Cəbrayılın “ağa”, “müqəddəs şəxs”, nəhayət, “ata” adlandırılması
sübut edir ki, o, həqiqətən, bu ərazilərin çox nüfuzlu adamı, doğma elini
sevən, övladlarına, tələbələrinə doğru yol göstərən xeyirxah bir el ağsaqqalı
imiş. Bu səbəblərə görə, Cəbrayıl ata ümumi qəbiristanlıqda deyil, o dövrün
adətinə uyğun olaraq ona məxsus torpaqların lap yuxarı başında – Alpaşa dağının
hündür və tamaşalı bir yerində ayrıca dəfn olunmuşdur.
Cəbrayıl kəndinin şimalında “Cəbrayıl ata” adı ilə məşhur olan bu
məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı
məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Cəbrayıl atanın
Mirzəcan, Yarəhməd, Şahvələd, Bünyad, Qurban, Xubyar, Hasan və b. adlı
oğlanları olduğu mənbələrdə göstərilir. Sonralar onun adından Cəbrayıllı
tayfası formalaşmışdır. Orta əsrlərdən bəhs edən mənbələrdə məşhur şahsevən,
Cavanşir, Əfşar və b. tayfalarla yanaşı, Cəbrayıllı tayfasının da adı çəkilir.
Rus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən
(1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət
əhalini qeydə almışdır. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində
Cəbrayıl kəndinə Qıraxdın da deyilmişdir. Bu da 1831-ci ildə Daşkəsən kəndində
“Karantin” (qırx gün deməkdir) idarəsinin yaranması və 1848-ci ildə həmin
idarənin Cəbrayıl kəndinə köçməsi ilə əlaqədardır. Yerli əhalinin dili
dönmədiyindən “Qraxdın” kimi tələffüz etmişlər. Cəbrayıl ərazisi Midiya (e.ə.
VII-IV əsrlər), Əhmənilər imperiyasının (e.ə. IV-III əsrlər), Albaniya (e.ə.
IV-III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albanların dövründə Cəbrayıl
ərazisi Pazkank, Əhristan və Dizak adlanan mahalın tərkibində olub.
971-1086-cı illərdə Cəbrayıl Şəddadilərin, 1250-ci illərdən
monqolların, 1387-ci ildən Teymurilərin, 1412-ci ildən Qaraqoyunluların,
1478-ci ildən Ağqoyunluların və nəhayət, 1501-ci ildən Səfəvilərin tərkibində
olmuşdur. 1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin,
1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl
və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılıb Yelizavetpol
(Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edildi. Bu
dövrdə Cəbrayıl qəzasının ərazisi 66,3 min kv.km, əhalisi 66360 nəfər olmuşdur.
Qəza indiki Füzuli, Xocavənd, Qubadlı, Zəngilan rayonlarının ərazilərini əhatə
edirdi.
Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini
təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Rayonun köhnə
qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur.
Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı
hissəsində heyvan təsvirləri – dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini
xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif
bədii formaya malik qəbirdaşları vardır, onlardan qoç heykəli olan ikisi
Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır.
ziyaret
Cəbrayıl rayonunda müxtəlif türbələr – Dağtumas kəndində XIII-XVI
əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı
kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq
nümunələri vardır. “Canqulu” və “Qumtəpə”kurqanları, Tatar kəndi yaxınlığındakı
Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında “Şəhərcik
qalıqlar”, “Qışlaq yerləri”, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri
kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz” Sirik kəndindəki “Qala”,
“Qala”, Diri dağındakı “Qız qalası”, Çələbilər kəndindəki Məscid kompleksi,
rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”,
Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr , türk
qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş
canlı tarixdir.
xuda
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də
Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə
aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr
şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm
hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən
yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu – IX əsrin əvvəllərindən başlayaraq,
XIX əsrə kimi fəaliyyət göstərmişdir. Azərbaycan Abidələrini Müdafiə
Təşkilatının sədri Şaiq İsmayılov bildirir ki, Xudafərin körpüsü Azərbaycanı
birləşdirən simvolik bir abidədir: “Xudafərin deyiləndə ilk növbədə yadımıza
Araz çayı üzərində salınan körpü düşür.
Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan
möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan iki Xudafərin
körpüsü bizə məlumdur. Onlardan birincisi “Baş Xudafərin körpüsü” adlanır,
uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı
olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Azərbaycanın
memarlıq sənətində bu əzəmətli abidələr haqqında dünyanın bir çox alimləri
qiymətli fikirlər söyləsələr də, körpülərin nə vaxt inşa edilməsi haqqında
tarixdə yekdil fikrə rast gəlinmir.
Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki,
bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər
dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə
isə ikinci körpünün (e.ə.558-529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi,
Elxanilər dövləti zamanında (13-cü yüzil) isə daş və kərpiclə üzlənməsi
haqqında mülahizələr yürüdülür. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində
körpülərin adını “Xuda-Afərin” kimi yazır ki, bu da farsca “Allah tərəfindən
yaradılmış”, “Allaha Mərhəba” mənalarını verir. Qəzvini yazır ki, Xudafərin
körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən
miladi tarixlə 736-cı ildə inşa etdirilib. Bəziləri isə iddia edir ki, həmin
şəxs körpünü tikdirməyib, yalnız təmir etdirib. Xudafərin körpüsünün
Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə
də fərziyyələr irəli sürənlər var. Ancaq bu körpüləri inşa etdirən şəxsin adı
barədə tarixi mənbələrdə heç bir dəqiq yazılı məlumat yoxdur. Araşdırmaçıların
çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal
daşlar üzərində qurulduğundan onlara “Xudafərin” adı verilib. Hələlik Xudafərin
körpüləri sirlərini açmayıb. Tarixçilər sirlər arasında ünvansız dolaşaraq gah
körpülərin səmtini dolaşıq salıb onları Culfa yaxınlığında abidə kimi göstərir,
gah da 1027-ci ildə Şəddadi hökmdarı 1-ci Fəzl və I Şah Abbas tərəfindən
tikildiyini deyirlər. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq
ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və
mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub”.
Tarixən Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini
möhkəmləndirən yeganə vasitə olub: “Bu körpülər həm də yüzillər boyu
yadellilərin Azərbaycanın Quzeyinə basqınlarına da şərait yaradıb. Hər halda bu
körpülər Azərbaycan inşaatçılarının müstəsna mühəndislik qabiliyyətinin ən
gözəl nümunələrindən sayılır”.
Cəbrayılda baramaçılıq, xalçaçılıq ilə məşhur olmuşdur. Qəzada 5 ipək
fabrik olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının
tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası
yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min km², əhalisi 66.360 nəfər olmaqla
indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini
əhatə edib. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar
məktəbi açılıb. XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin
Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib. 1905-1918-ci illərdə qəza Qaryagın
qəzası adlandırılıb.
1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl
rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050
km², əhalisi 24.300 nəfər olmuşdur.
İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi,
12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtokulub, 78 kitabxana, 3
daimi, 4 səyyar kinoqurğusu fəaliyyət göstərirdi. Zəngin ekspanatları olan
tarix – diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və
ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand
kəndlərində 11 həkim, 52 feldşer – mama məntəqəsi sakinlərə xidmət göstərirdi.
İnsanların yeganə gəlir yeri torpaq idi.
1970-ci ildən başlayaraq rayonda quruculuq işləri geniş vüsət
almışdı. Rayon mərkəzində bir vaxtlar “Dəyirman dərəsi” kimi tanınan boş ərazi
ötən əsrin 80-ci illərində geniş yaşayış massivinə çevrilmişdi. Yaşı əsrlərlə
hesablanan Xan çinar bu yurdun simvoluna çevrilmişdi. Rayonda irili – xırdalı
90 kənd vardı. Həmin illərdə camaatın güzəranı daha da yaxşılaşmağa başladı.
Sözügedən dövrdə irəliləyişə səbəb olan əsas amil üzüm bağlarının salınması
idi.
Rayon mərkəzini kəndlərlə birləşdirən yolların hamısına asfalt
döşənmişdi. Hər 5-10 nəfər sakindən biri özünə minik maşın almışdı. Rayonda
elmə, təhsilə maraq günbəgün artırdı. Çoxsaylı alimlərimizin, ziyalılarımızın
şərəfli, şanlı ənənələri uğurla davam etdirilirdi. Cəbrayılın adı çox yerdə
hörmətlə və məhəbbətlə çəkilirdi. Amma…. 1988-ci ildən başlayaraq rayonun
“bəxtində qara zolaqların” sayı artmağa başladı. Cəbrayılın ərazisində
ermənilərin yaşadığı iki kənd var idi: Hərəkül və Banazur.
Cəbrayıl torpaqlarımızın müdafiəsində çox şəhidlər vermiş, onların
bir çoxu «Azərbaycanın Milli Qəhrəmanı» yüksək fəxri adına layiq görülmüşlər:
Şikar Aslanov, Kazım Məmmədov, Mətləb Quliyev və başqaları. Ümumiyyətlə,
döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60
nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb.
Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu
alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülüb.
Hazırda cəbrayıllılar arasında 351 nəfər şəhid ailəsi var. İşğaldan
sonra cəbrayıllılar ölkənin 58 bölgəsinə səpələniblər
Yazıda Qorxmaz Abdulla, Arif Xəlilov, Tariyel Abbaslı SÖNMƏYƏN MƏŞƏL
Bakı, “Adiloğlu” nəşriyyatı, 2006, 124 səh. kitabından istifadə edilmişdir.
Комментариев нет:
Отправить комментарий