Yeni il Bayramı — dünyanın
müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə
daxil olub. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd
ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır.
Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə
cəhd edir
Yeni ildə Moskvada bəzədilmiş şam ağacı
Bu bayramın yaranmasının azı 25 əsrlik
tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada
yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib
çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada
təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin
gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun
səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o
zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir
tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün
məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən
biri üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaya
çevrilərmiş". Yeri gəlmişkən, "Karnaval" sözü babil dilindən
tərcümədə "gəmi-dəniz" deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə
bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət
ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə
ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini
babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə
bu ənənə Qərbi Avropaya yayılıb.
Başqa bir mənbəyə görə, Qədim
Şərqdə hələ İran dövlətinin yenicə
yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar
bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə
növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq
vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm üzərində
qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf
edən həmin günü "Günəş qapısı" adlandırarmışlar. Sonralar həmin
gün Günəş Tanrısı Mitranın
doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən
romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romadatəqvim aylarındakı günlərin sayı
müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün
dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü –
İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.
Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq
xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa peyğəmbərin doğum
günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin
gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü
özündə birləşdirmiş oldu.
Yeni il Avropa ölkələrində
Dünyanın hər yerində bütün insanlar Yeni
ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla
gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni
Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına
hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər.
Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu
ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli
olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda
qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal
hesab olunmur.
Yeni ildə İsveçrədə insanlar
bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram
axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten
(Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.
İtaliyada yeni ildə uşaqların
isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə
Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar
üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər.
Beləcə onlar həm də köhnə ilə vidalaşırlar. Əgər Yeni il bayramı ərəfəsində
təsadüfən Roma küçələrindən keçsəniz ehtiyatlı olun. Çünki pəncərələrdən atılan
köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni
ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.
Böyük Britaniyada
bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir.
Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını
geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və
səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın
görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də
arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Dəhşətli hadisə,
çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür.
Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və
kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur
yansın.
Yeni ildə İslandiyada kiçiklər
öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta
babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır,
dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin
içində kartof və ya bir parça kömür tapa bilərlər.
Almanlar Yeni il gecəsi
saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki,
bunu etsələr yeni il daha bərəkətli olacaq.
Finlandiyada Yeni il süfrəsi
gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı
isə fin Şaxta baba — Youlupukkidir.
İspaniyada bayram günü hamı
şəhərin mərkəzi meydanına axışır. Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs
müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif
tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.
Avstriyada hələ qədimlərdən Yeni il
bayramının xeyirxah obrazları bacatəmizləyən və donuzdur. Bu, əlbəttə,
sonuncunun bayram süfrəsində həzm-rabedən keçirilməsinə mane olmur. Yeni il Avstriyada çox
şən keçir, insanlar yeni il gecəsini kücələrdə şənlənməklə və karnavallarla
keçirirlər.
Yeni il Rusiyada ən çox sevilən
bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik
gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə
qoyulub. Əmrdə, həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı
19-cu əsrin axırlarında dəbə mindi.
Yeni il gecəsi süfrəyə mütləq müxtəlif
yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu
və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda
qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət
simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki,
evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn
qonaqlara paylanır. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki,
gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı
hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış
qab-qacağı atır, pəncərə və güzgülər parıldayana qədər silinir. Müxtəlif karnavallar, ballar təşkil olunur, hamı
səhərə kimi rəqs edir
Braziliyada Yeni il toplardan
atılan atəşlərlə qarşılanır. Atəş səsi eşidəndə hamı bir-birini qucaqlayıb
öpməyə başlayır. İnanırlar ki, həmin an sənə əziz olan birini öpməyə imkan
tapsan il xoşbəxtlik içində keçəcək.
Yaponiyada bayram günü budda
məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib.
Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan
108 ziyanlı ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni
ili təmiz ruhla qarşılayırlar.
Çində də bayram günü böyük
səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan
şər qüvvələri qovduqlarını düşünürlər.
Ən qəribə bayram hədiyyələrini isə eskimoslar bir-birinə bağışlayırlar. Bu, morjların və ağ
ayıların buzdan yonulmuş fiqurlarıdır. Qrenlandiyadakı hava şəraiti bu
hədiyyələri uzun müddət saxlamağa imkan verir.