понедельник, 30 мая 2016 г.

http://muallim.edu.az/content/?category=arxiv&issue=20&content_id=39


                 http://muallim.edu.az/content/?category=arxiv&issue=20&content_id=39



İradə MƏLİKOVA, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2009, 2015) qalibi, “Tərəqqi” medallı 


Fəal (interaktiv) təlimlə dərsə motivasiya ilə başlayıram, problem qoyub şagirdləri problemin həllinə yönəldirəm. Bu zaman şagirdlərlə əks-əlaqə yaranır. Sonra qoyulmuş problem birgə əməkdaşlıq nəticəsində həll edilməyə başlanır. 
Dərs sanki kiçik tədqiqata oxşayır: şagirdlər düşünür, axtarır, təhlil edir, araşdırır, nəticə çıxarırlar. Beləliklə, yeni bilik şagirdlərin özləri tərəfindən əldə edilir, şəxsiyyət formalaşır. Belə dərslərdə şagirdlərin müstəqil fikir yürütməsi və sərbəst olmaları üçün şərait yaradıram. Qarşılıqlı hörmət və əməkdaşlıq şagirdlər arasında da bir-birinin fikrinə hörmətlə yanaşmaq, mehribanlıq və səmimiyyət hissləri formalaşdırır. Əgər ənənəvi dərsdə yeni məlumatlar dərsin əvvəlində müəllim tərəfindən şagirdə çatdırılırdısa, fəal dərsdə bu məlumatlar dərsin axırında şagirdin öz vasitəsi ilə (tədqiqat nəticəsində) əldə edilir. Hər iki dərsdə tətbiqetmə mərhələsi axırda olur, lakin fəal dərsdə bu mərhələ yaradıcı şəkildə təşkil olunur. Fəal dərsin fərqli mərhələlərindən biri refleksiya mərhələsidir. Refleksiya nəticəsində şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etmiş olur.
Fəal dərsin üstünlüklərinə baxmayaraq, ənənəvi metodlardan da yeri gəldikcə istifadə edirəm. Belə ki, dərsin məqsəd və məzmunundan, şagirdlərin hazırlığından asılı olaraq təkrarlama və ya izahedici-illüstrativ metodlardan, müstəqil işlərdən istifadə edirəm ki, bu da bacarıqların formalaşmasına böyük kömək edir. Əsas məsələ isə fənnə maraq oyatmaq, “öyrənməyi öyrətmək”, şagirdləri dərsə həvəsləndirməkdir. Həvəsləndirmə məqsədi ilə həftə sonu ən çox “əla” alan şagirdə özümün kompüterdə “Publişer”, “PowerPoint” proqramlarında tərtib etdiyim “Həftənin ulduzu” emblemini təqdim edrəm. Emblemi alan və həftə boyu yaxasında gəzdirən şagird var qüvvəsi ilə çalışır ki, emblemi növbəti həftə də qoruyub saxlasın, beləliklə, bütün sinif bilik uğrunda çalışır və dərslərə hazırlıqlı gəlir. 
İnteraktiv (fəal) təlimlə keçdiyim dərslərdə çalışıram ki, yeni mövzu, keçilmış dərsin sorğusu ilə bağlı əyani və didaktik materiallardan, testlərdən, krossvordlardan, məntiqi çalışmalardan, cədvəl və sxemlərdən geniş istifadə edim.
Təfəkkürü formalaşdırmaq üçün oyun-yarışlardan, oyun-tapmacalardan da çox istifadə edirəm ki, bunlar da şagirdləri fəallaşdırır, onlarda sərbəst fikir söyləmək qabiliyyətini, yaradıcılığı artırır. Azərbaycan dili dərsində “Sifət” bəhsini keçərkən əşyanın əlamətini təyin etmək məqsədi ilə “Kim daha cəld” oyununu keçirirəm. Oyun zamanı şagirdlər dairəvi otururlar. Mənim yanımda içərisi meyvə dolu kiçik səbət olur. Uşaqlara deyirəm: səbətdəki meyvələrdən birini məsələn, almanı bir-birimizə ataraq onun necə olduğunu deyəcəyik. Diqqətli olun! Təkrara yol verməyin (bir nəfər də lövhədə deyilənləri cədvəldə rənginə, dadına, formasına, ölçüsünə, xarici görünüşünə görə qruplaşdırır).
Başqa bir variant: Şagirdlər dairəvi otururlar. Mənim əlimdə top var. Uşaqlara deyirəm: İndi biz topu bir-birimizə atacağıq. Topu atan hər hansı bir rəngi deyir, topu tutan isə bu rəngdə olan əşyanın adını deməlidir. Diqqətli olun, təkrara yol verməyin. Belə oyunlar həm söz ehtiyatını artırır, həm də nitqi inkişaf etdirir.
“Pantomimo” oyunu daha maraqlıdır. Məsələn, “Fel” bəhsini keçərkən sinif üç komandaya bölünür. Bir nəfər lövhəyə çıxır, növbə ilə əvvəlcə I komandaya bir hərəkət göstərir, şagirdlərdən bu hərəkəti düzgün adlandırmaq, sonra isə həmin feli keçmiş, indiki, gələcək zamanda dəyişmək tələb olunur. Növbə ilə hər komandaya 7-8 hərəkət göstərdikdən sonra fəal komanda - yəni hərəkətləri tez və düz adlandıran komanda mükafatlandırılır. Bu oyunu nitq hissələrini keçərkən, sinonim və antonim sözlər üzrə iş apararkən və s. dərslərdə məqsədəuyğun dəyişərək keçirmək olar. 
Fəal (interaktiv) təlim zamanı istifadə edilən çoxlu sayda metod mövcuddur. Hər bir metodun öz texnikası vardır. Dərsin səmərəsini artırmaq üçün metodları mövzu ilə əlaqədar düzgün seçmək vacibdir. Nitq və təfəkkürü inkişaf etdirmək üçün Azərbaycan dili dərslərində essedən tez-tez istifadə edirəm. 
Nağıl və hekayələr üzərində işləyərkən “Nağılı dəyiş” oyunu da vaxtaşırı müraciət etdiyim metoddur. Nağılı necə dəyişmək olar? Süjetdəki hadisələri, personajın xarakterini dəyişməklə, nağılı müasirləşdirməklə dəyişmək olar. Bu zaman uşaq fantaziyası işə düşür, bəzən elə gözəl fikirlər yaranır ki, həqiqi süjet xətti kənarda qalır.
Dərs vaxtı yorğunluğu aradan qaldırmaq məqsədi ilə fəallaşdırma oyunları da aparıram: Məsələn, “Müsahibə” oyununda (bu əsasən dərsin əvvəlində aparılır) uşaqlar otaqda gəzişirlər. Növbələşərək bir-birlərindən müsahibə alırlar. Bir adama iki dəfə yaxınlaşmaq olmaz. “Atom və molekullar” oyununda bütün uşaqları ayağa qaldırıram və onlara otaqda gəzişməyi tapşırıram. Məsələn, “Molekullar, dağılışın” deyə komanda verirəm. Sonra “molekullar beş-beş birləşin!” (üç-üç, dörd-dörd, beş-beş və s.) deyən kimi cütlüklər tez birləşməlidir. Cütlüklərdə birləşə bilməyən və ya təlimata görə düzgün birləşməyən uşaqlar uduzub oyundan çıxırlar. 
“Hədiyyənə görə sağ ol!” oyunu da maraqlıdır. Uşaqları dairə boyu düzürəm. Hər biri növbə ilə soldakı qonşusuna hədiyyə verir. Hədiyyəni sakitcə, pantomim şəklində vermək tələb olunur. Hədiyyəni alan onun nə olduğunu deyir, təşəkkür edir. Beləcə oyun sakitcə davam edir. 
Ayrı-ayrı fənlərin tədrisi zamanı Veb-2 və Veb-3 alətlərindən istifadə edərək düzəltdiyim oyun - resurslar şagirdləri fəallaşdırır, maraqlandırır və dərsin keyfiyyətini artırır. Bütün şagirdlər həvəslə, diqqətlə dərsi izləyir və az zaman ərzində dərs mənimsənilir. 
Şagirdlərimizin texnologiyaya, internetə çox böyük marağı var. Bəs nə üçün onların bu marağından dərsdə istifadə etməyək? Online öyrənmə resursları haqqında danışmaq istəyirəm. Online öyrənmə resurslar şagirdlərin daxil olub müəyyən öyrədici materialları, videoları əldə etdikləri, müəyyən tapşırıqları yerinə yetirdikləri internet səhifəsidir. 
Müasir təhsil tələb edir ki, tədris prosesi sinifdə yekunlaşmasın. Biz şagirdlərin istənilən yerdən və istənilən zaman öyrənə bilmələrini təmin etməliyik. Dərsdən sonra şagird bu resurslara daxil olub müəyyən tapşırıqları həll edir, dərsləri izləyir. Şagirdlərin görəcəyi iş, həll edəcəyi tapşırıqlar onlara oyun halında, onlar üçün daha cəlbedici formalarda təqdim olunur. Bu resurslardan istifadə etməklə dərsə qarşı marağı az olan şagirdlərin belə diqqətini dərsə cəlb eləmək mümkündür. Bu həm də şagirdin yaradıcılığını üzə çıxarır. Bu resurslardan istifadə zamanı yaranan problemlərdən biri dil problemidir. Çünki belə resurslar əksər hallarda rus, ingilis və ya qeyri dillərdə olur. Lakin digər tərəfdən şagirdin başqa dildə bu resurslardan istifadə etməsi onun xarici dil biliklərinin inkişafına da öz köməyini göstərir.
Hazırkı dərslik və proqramlar elə tərtib edilmişdir ki, dərsdə hər bir çalışmanın yerinə yetirilməsi şagirdin məntiqi mühakimə yürütməsinə, onun təfəkkürünün inkişafına daha çox yer verməyi tələb edir. Riyaziyyatın tədrisi zamanı müstəqil işin və onun bir növü olan riyazi oyunların böyük əhəmiyyəti vardır. Bütün bunları nəzərə alaraq mən dərsdə və dərsdənkənar vaxtlarda da riyazi oyunların keçirilməsinə geniş yer verirəm. 1-ci sinifdə “Onluq” mövzusunu keçərkən “Suallara cavab tap” oyununu belə təşkil edirəm. Ədədlər yazılmış kartoçkaları düzüm lövhəsində düzür və iki nəfəri çağırıb onların birinə bir kartoçka götürməyi təklif edirəm (məsələn, “3” yazılan kartoçka). Həmin şagird yoldaşına təklif edir ki, bu ədəd haqqında nə bilirsə desin. Şagird belə cavab verir: - 3 sayarkən 2-dən sonra gəlir, 4-dən əvvəl gəlir, 2 ilə 4 arasında yerləşir, 4-dən kiçikdir. Sonra şagird başqa kartoçka götürüb birinci şagirdə eyni sualla müraciət edir. Səhv cavabı şagirdlərlə düzəldirəm. Bu oyunu başqa variantda da aparıram: sualları özüm verirəm: 
- Sayarkən “3” neçədən sonra gəlir? 
- Bəs neçədən əvvəl gəlir? 
- Sırada hansı ədədlərin arasında yerləşir və s.
Oyunun bu variantı şagirdlərdə söz ehtiyatının çoxalmasına və təfəkkürün inkişafına kömək edir. 
“Mənim yerim haradadır?” oyunu. Rəqəmləri aşağıdakı qaydada düzüm lövhəsində düzürəm: 2, 1, 3, 6, 4, 5, 9, 7, 8. Yazı taxtasına çağırılan şagird bu rəqəmləri sıra ilə (1, 2, 3, 4, 5, 6, 7, 8, 9) düzür. Oyunu başqa şəkildə də aparıram. Dörd şagird çağırıb hərəsinə 1, 2, 3, 4 rəqəmlərindən biri yazılmış kartoçka verir və müraciət edirəm: - Kimdə ən kiçik rəqəm varsa qabağa çıxsın. Sonra qalanlara da belə sualla müraciət edirəm. Şagirdlərin əllərində 1, 2, 3, 4 rəqəmləri olan sıra alınır. Sıra pozulduqda kömək göstərirəm. Bu oyunun 100 dairəsində nömrələmə zamanı aparılması şagirdlərin sıra təlimi haqqındakı biliklərini möhkəmləndirir, ədədləri müqayisə etmək bacarığı təkmilləşir. 
“Ədədi tap” oyunu. Oyunun birində cəmə və verilən toplanana görə o biri toplananı tapmaq, o biri oyunda isə ədədin biri verildikdə, o biri məchul ədədin verilmiş ədəddən neçə vahid böyük və ya kiçik olmasını göstərməyi tapşırıram. Bu oyunu belə aparıram:

I 6 +□=10 4+2=□
□+6=10 4-2=□

Bu cür misalları şagirdlərin sayı qədər yazıb üzü aşağı qoyur, hər şagirdə bir dənə götürməyi təklif edirəm. Tez və düzgün cavab verən qalib sayılır.
Bəli, riyaziyyatın mənimsənilməsində əsas şərt onu öyrənməyə şagirddə həvəs yaratmaqdır. Həvəs yaratmağın əsas vasitəsi isə didaktik oyunlar və müxtəlif növlü əyləncəli məsələlərin müntəzəm aparılmasıdır. Oyun prosesində uşaq ətraf mühiti, həyatı əyləncəli şəkildə bir qədər dərindən və asan dərk edir. Oyunlardan istifadə etdiyim üçün dərslərim həmişə canlı və maraqlı keçir. Təcrübəmdən bilirəm ki, əyləncəli məsələ və misallar seçdikdə, onların şagirdlər tərəfindən həll edilməsi effektivliyi artır.
Lakin bu heç də o demək deyildir ki, hər çalışmaya əyləncəli xarakter verəsən. Əks təqdirdə dərsin, materialın ciddiliyi şagirdlərin nəzərində itər.

Комментариев нет:

Отправить комментарий