пятница, 26 февраля 2016 г.


Azərbaycan dünyanın cənnət diyarı, şah ərazisidir. Bu şahın tacı isə Qarabağdır. Elə buna görə də tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən Azərbaycan xalqı zaman –zaman soyqırıma məruz qalmışdır. Növbəti belə faciə ilə xalqımız 1992-ci ilin o qarlı, şaxtalı, soyuq qış gecəsində Xocalıda üzləşdi. Xocalı faciəsi əsrin ən dəhşətli faciəsi kimi  ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması gimnaziyamızda artıq ənənə şəklini almışdır. Bir həftədir ki, soyqırımın 24-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilir. Rəhbəri olduğum 2b sinfi “Xocalı, sağalmaz yaram mənim!” adlı ədəbi-bədii kompozisiya ilə bu gün - 26 fevralda akt zalında  çıxış etdilər. Çıxışdan əvvəl soyqırım qurbanlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda, azadlığı üğrunda  canını qurban verən şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla anıldı. 

















Ağlama Xocalım
Bir zaman üstündən qara yel əsdi,

Yel qarı sovurdu,qar yolu kəsdi.

Ağlatmaq vaxtıdır,ağlama bəsdi

Son qoy dərdə,qəmə,naləyə,aha-
Ağlama Xocalım,ağlama daha.


Od saçır bu odlar yurdumuz bizim,

Dünyanı isidir odumuz bizim,

Elə bir gücdədir ordumuz bizim,

Bu döyüş düşmənə gələcək baha-
Ağlama Xocalım,ağlama daha.

Bitsin əfqanımız,bitsin ahımız

Bizə səbr vermə ey Allahımız,

Əsir məzarlardır səcdəgahımız,

Səni and verirəm o səcdəgaha-
Ağlama Xocalım,ağlama daha.

Ağlasan sevinər türkün düşməni,

Ağlama,ağlamaq qorxudur məni.

Gəlib əsarətdən qurtarar səni,

İgidlər sarılar topa,silaha-
Ağlama Xocalım,ağlama daha.

Gülümsə çatlasın düşmənin bağrı,

Bilirəm,dəhşətdir çəkdiyin ağrı.

Az qalıb,gəlirik qoynuna doğru

Ümidlə baxırıq üzü sabaha-
Ağlama Xocalım,ağlama daha.

Ali Baş Komandan bir kəlmə dinə,

Hamımız müntəzir onun əmrinə.

Ana dediyimiz vətən naminə,

Əli qana batan batmaz günaha-
Ağlama Xocalım,ağlama daha.



Çəkilər üstündən qara bulutlar,

Sənin Əlifin var,İnqilabın var.

Varsa Mübariztək igid oğullar,
Başqa bir ehtiyac yoxdur izaha-
Ağlama Xocalım,ağlama daha.


Səndə qalmayacaq düşməndən bir iz,

Bitəcək bu həsrət,bu ahnaləmiz.

O günlər olacaq,güvənirik biz

Yerdə ordumuza,göydə Allaha-
Ağlama Xocalım,ağlama daha.


















Комментариев нет:

Отправить комментарий