пятница, 19 января 2018 г.


20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR.
Əsrlər boyu xalqımıza qarşı zaman-zaman törədilən düşünülmüş növbəti faciə -1990-cı il  20 Yanvar faciəsi....
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçir. 


Sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşilik insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlarda qalacaqdır. Milli azadlıq  uğrunda mübarizəyə qalxmış dinc əhalinin qətlə yetirilməsi  sovet rejiminin cinayətkar simasını bütün dünyaya bir daha nümayiş etdirdi.


13 yanvardan başlayaraq Sovet Ordusunun xüsusi təyinatlı qoşunları Bakıya yeridildi. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün idi. Əslində isə bu hiylə - düşünülmüş plan  idi.Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə xüsusi təlim keçmiş erməni əsgər və zabitləri daxil edilmişdi.


Ermənistanın təcavüzkar siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən xalqa qarşı sovet ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə  qanlı faciə törətdi.
Yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü.


1990-cı ildə Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M.Qorbaçov həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görüldü. 1995-ci ilin aprelin 27-də  Türkiyədə səfərdə olan keçmiş SSRİ prezidenti Mixail Qorbaçov  İstambulun Çırağan sarayında onun şərəfinə verilən ziyafətdə çıxış edərkən öz siyasi bioqrafiyasının bəzi məqamlarına toxunmuş və 1990-cı il 20 yanvar hadisələrindən danışarkən öz günahını acizanə şəkildə etiraf edərək bildirmişdi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.
Sovet İttifaqının 1990-cı ilin yanvarındakı cinayətkar hərəkəti Azərbaycan xalqının SSRİ-dən müstəqillik əldə etmək cəhdlərinin qarşısını almağa yönəlmişdi.
Azərbaycan 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa edib.
Hər il yanvarın 19-20-də Azərbaycan vətəndaşları vətəni uğrunda canlarından keçən ŞƏHİDLƏRİ  xatırlayır.


O zaman yalnız umummilli liderimiz Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdir.
Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.



1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı faciə KİMİ HƏKK OLUNAN  20 yanvar 1990-cı il xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir.
Hər il olduğu kimi şagirdlərimin hazırladıqları təqdimatları....













                                            
Mahire Nerimanqızı Mahi
UNUTMAYAQ

Bakını qanına qəltan etdilər,
Qara asfaltları al-qan etdilər,
Qocanı,cavanı candan etdilər–
Vəhşilik bəşəri heyrətə saldı,
O sabah Bakımız yüz il qocaldı.

Xəzri ağı dedi Gilavarla bir,
Küçələr cəsədlə,qan bulvarla bir,
Xəzərin göz yaşı dalğalarla bir–
Vəhşilik bəşəri heyrətə saldı,
O sabah Bakımız yüz il qocaldı.

Sahildə qıy çəkdi ağ qağayılar,
Qara bayraq oldu kəlağayılar,
Yaddan çıxdı bu gün bütün qayğılar–
Vəhşilik bəşəri heyrətə saldı,
O sabah Bakımız yüz il qocaldı.

Dan yeri qızardı şəhid qanından,
Onlarla günahsız oldu canından,
Hər kəs ağı dedi,gözlər tökdü qan,
Vəhşilik bəşəri heyrətə saldı,
O sabah Bakımız yüz il qocaldı.
   

Комментариев нет:

Отправить комментарий