Təhsil Nazirliyi: Təmayül siniflərdə şagirdlər marağı olmayan fənlərdən azad ediləcək
“2011-ci ildən Təhsil Nazirliyi pilot qaydada tam orta təhsil səviyyəsinin təmayüllər üzrə təşkil olunmasına dair layihənin icrasına başlayıb. Növbəti ildən layihənin respublika üzrə tətbiqi nəzərdə tutulub”.
Bunu Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva deyib. O bildirib ki, tam orta təhsil səviyyəsi üzrə təmayüllər təşkil olunduğu siniflərdə şagirdlər meyl və marağına uğun olaraq təhsil alacaqlar.
Nazirlik rəsmisi qeyd edib ki, əgər şagird gələcəkdə təbiət sahəsi üzrə mütəxəssis olmaq istəyirsə, tam orta təhsildə onun maraq və meyllərinə uyğun fənlərin tədrisi daha da gücləndirilir, digər fənlər isə tədris planından çıxarılır: “Gələcəkdə şagird həkim olmaq istəyirsə, biz onu marağı olmayan fənlərdən azad edirik. 8-10 fənn saxlanılmaqla hər bir təmayül üzrə ümumi fənlərin sayı dəyişə bilər. Nəticədə şagirdlərin izafi təlim yükü xeyli azaldılır, maraqları olan fənlər üzrə saatların sayı isə artırılmaqla onlara daha dərin biliklərin verilməsi təmin olunur. Tam orta təhsil səviyyəsinin təmayüllər üzrə təşkilinin bir müsbət cəhəti var ki, şagird öz marağına uyğun fənn tədris olunur”.
G. Xudiyeva əlavə edib ki, bu günə kimi şagirdin attestatında yalnız həmin fənlər üzrə qiymətlərin yazılması məsələsi valideynləri narahat edirdi. Onun fikrincə, nazirlik valideynlərin narazılığına əsasən təhsil sənədlərinin forma və məzmununda gələcəkdə şagirdlərin profillərini dəyişə bilmək, xaricdə təhsil almaq kimi ehtimalları da nəzərə alıb. Buna görə təmayül sinifləri bitirən şagirdlərin attestatlarında qeyri-fənn üzrə də qiymətlər yazılacaq”
Комментариев нет:
Отправить комментарий