Əsas səhifə

вторник, 29 декабря 2015 г.

29.12.2015 “Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb"

29.12.2015

“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dekabrın 29-da “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, müsabiqə qalibləri və KİV təmsilçiləri iştirak ediblər.
Mərasimdə çıxış edən Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev nazirlik tərəfindən 6-cı dəfə  keçirilən müsabiqəyə marağın böyük olduğunu söyləyib.
E.Əmrullayev nəzərə çatdırıb ki, müsabiqənin əsas məqsədi elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini genişləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa təşviq etmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.
Qeyd edək ki, “Müəllim” və “Şagird” istiqaməti üzrə 6 nominasiyada keçirilmiş müsabiqənin şəffaflığını təmin etmək məqsədilə qiymətləndirmə mərhələləri onlayn təşkil olunub, qəbul edilmiş işlər üzrə onlayn müzakirələrə şərait yaradılıb, ekspert və münsiflər heyəti müsahibə əsasında müəyyənləşdirilib. Müsabiqənin I mərhələsinə təqdim edilmiş 941 işdən 900-ü II mərhələdə ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 207 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işlər münsiflər heyəti tərəfindən onlayn qaydada qiymətləndirilərək 14 qalib elan olunub və 18 fərqlənən iş müəyyən edilib.
Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub.
Müsabiqənin keçirilməsinə “Dr.Web”, “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar Mobile” şirkətləri  tərəfindən dəstək verilib.










четверг, 24 декабря 2015 г.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

Möhtərəm cənab prezident İlham Əliyev, ad gününüz mübarək! Bu gün dövlət başçısının 54 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ – MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb. 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə qələbə qazanıb. Qeyd edək ki, İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayıram! Автор:

понедельник, 21 декабря 2015 г.


Azərbaycan Təhsil Şurası 2016-cı il yanvar ayının 23-də Bakı şəhərindəki 132-134 nömrəli Müasir Təhsil Kompleksində “Təlim-tərbiyə prosesi: ənənə və müasirlik, innovasiyalar və kreativ düşüncənin formalaşdırılması” mövzusunda elmi-praktik konfrans keçirəcək. Konfrans saat 10-00-da öz işinə başlayacaq.   KONFRANSIN MƏQSƏDİ:

- Müəllimlərin ideya-siyasi biliklərini müstəqillik və dövlətçilik mövqeyindən təkmilləşdirmək;
- Təhsildə yeniliklərin varislik prinspinə uyğun olaraq tətbiqi yollarını nəzərdən keçirmək;
- Təlim-tərbiyənin vahid proses olaraq aşılanması yollarını araşdırmaq;
- Nitq mədəniyyəti və özünütəhsilin tədrisdə əhəmiyyətini müzakirə etmək;
- Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və perspektiv layihələrətəşəbbüsləri artırmaq;
KONFRANSIN METODOLOGİYASI:
Ulu öndər Heydər Əliyevin təhsil, təlim-tərbiyəyə aid müddəalarına, ölkə prezidenti İlham Əliyevin təhsil sahəsində göstəriş və sərəncamları, dövlətin təhsil siyasəti, tədrisin keyfiyyətinə xidmət edən metod və texnologiyalar, nəzəri araşdırma, tarixi müqayisəli təhlil, qabaqcıl təcrübənin təhlili.
ELMİ-PRAKTİK KONFRANSDA TOXUNULACAQ PROBLEMLƏR:
I
- Təhsil sahəsində milli ideologiya;
- Təhsildə innovasiyalar;
- Təhsildə multikulturalizm yüksək mənəvi dəyər yanaşması kimi;
- Təlim-tərbiyə vahid proses kimi;
- Yeni təlim metod və texnologiylarından və İKT-dən istifadə təlim-tərbiyə keyfiyyətini artıran vasitə kimi;
- Təhsildə kreativ düşüncənin formalaşdırılması özünüdərkin başlıca vasitəsi kimi;
- Öyrədən və öyrənənlərin müstəqil mütaliəsi və nitq mədəniyyəti məsələləri;
- İsmayıllı rayon müəllimlərinin təlim-tərbiyə nailiyyətlərinin pedaqoji-metodik əsasları.
II
- 132-134 nömrəli Təhsil Kompleksinin iş təcrübəsi ilə tanışlıq;
- Nümunəvi açıq dərsin dinlənilməsi və müzakirəsi;
- Konfrans iştirakçılarının qabaqcıl pedaqoji iş təcrübəsinə həsr olunan dəyirmi masanın keçirilməsi;
- Konfransdan alınan nəticələrin ümumiləşdirilməsi, konfransın yekunlaşdırılması və sertifikatların verilməsi.
III
Konfransın təşkilat komitəsi
1. Prof. Əjdər Ağayev – sədr.
2. Böyükağa Mikayıllı – katib. “Təhsil və zaman” qəzetinin redaktoru, Təhsil Şurası İdarə heyətinin üzvü
3. Prof. Asəf Zamanov – Təhsil Şurası İdarə heyətinin üzvü
4. Prof. Nazim Kazımov – Təhsil Şurası İdarə Heyətinin üzvü
5.Prof. Hikmət Əlizadə - Təhsil Şurası İdarə heyətinin üzvü
6. Sara Xanlarova – 132-134 nömrəli Təhsil Kompleksinin direktoru
7. Dosent Nəcəf Nəcəfov – “Azərbaycan məktəbi” jurnalının baş redaktoru. Təhsil Şurası İdarə heyətinin üzvü.
IV
Elmi-təcrübi konfransın proqram layihəsi
Konfransın açılışı: prof. Əjdər Ağayev Təhsil Şurasının sədri
Giriş sözü: Sara Xanlarova – 132-134 nömrəli Təhsil Kompleksinin direktoru
Məruzələr:
Prof. Əjdər Ağayev
Prof. Asəf Zamanov
Dosent Nəcəf Nəcəfov
Dəyirmi masa ətrafında müəllimlərin çıxışları
V
Konfransda iştirak etmək üçün tərcümeyi halınızı tehsil.zaman@mail.ru ünvanına yollayıb qeydiyyatdan keçə bilərsiz. . Son qeydiyyat tarixi 10 yanvar 2016-cı ildir. 





  

         12 Noyabr - Konstitusiya günüdür


Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur.
 Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.
 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
 Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
 Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
 Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.



   

четверг, 19 ноября 2015 г.

Tariximizi unutmayaq!!!



Tariximizi unutmayaq İzləyin və paylaşın...
Posted by Bizim Yol on Cümə, 7 Avqust 2015













вторник, 17 ноября 2015 г.

Məlikova İradə Telman qızı 1966-cı ildə Bakı şəhərində dünyaya göz açıb. N. Tusi adına ADPU-nin ibtidai təlimin pedaqogikası və metodikası fakultəsini 1987-ci ildə fərqlənmə diplomu ilə bitirib. İradə xanım pedaqoji fəaliyyətə 1987-ci ildə Xəzər rayonu 234 saylı orta məktəbdə ibtidai sinif müəllimi kimi başlayıb. 1992-ci ildə köçürmə yolu ilə S. Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyaya ibtidai sinif müəllimi təyin olunub. Bu günədək gimnaziyada ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Gimnaziyada işlədiyi müddət ərzində İradə müəllim həm pedaqoji, həm də şagird və valideyn kollektivinin dərin hörmətini qazanmışdır. O hər zaman yeniliklərlə maraqlanan, öz üzərində çalışan, daim öyrənən novator müəllimdir. Təkmilləşdirmə kurslarında fəal iştirak edən İradə müəllim kurikulumun tələblərinə uyğun müxtəlif yeni metodikalara, bilik və bacarıqlara mükəmməl yiyələnərək, əldə etdiyi yenilikləri hər zaman gündəlik dərslərində tətbiq edir. Onun yetirmələrinin xoş sədaları ən yaxşı ali təhsil ocaqlarından gəlir. Nümunəvi dərslərin, tədbirlərin mahiyyətinə görə İradə müəllim həmkarlarına bir örnəkdir. O hər zaman öz iş usulu və əldə etdiyi yeni bilikləri müəllim yoldaşları ilə paylaşır, bu yolda çətinlik çəkən gənc kadrlardan öz yardımlarını əsirgəmir. O, dərslərində həmişə İKT-dən istifadə edir və bu dərslər şagirdlərdə daha çox maraq oyadır, müəllim məqsədinə daha tez çatır. Fəal (interaktiv) və Konstruktiv təlim texnologiyalarına mükəmməl formada yiyələnən İradə müəllim dərslərini Milli Kurikulum standartları əsasında qurur, İKT-dən yerində və bacarıqla, pedaqoji vasitələrdən isə çox böyük ustalıqla istifadə edir. Şagirdlərini yeni texnologiyanın vasitəsi ilə fikirləşməyə, təhlil və tətbiq etməyə, fikir mübadiləsinə, əməkdaşlığa və yaradıcılığa həvəsləndirir. Onlarda dərsə necə maraq oyatmaq üsullarını çox gözəl bilir və yetirmələrinin daha dərin bilik əldə etməsinə məharətlə nail olur. İradə müəllim ailə ilə məktəb arasında vahid tərbiyəvi bir mühit yaratmağı bacarır, pedaqoji fəaliyyətində müəllim-şagird, valideyn- müəllim münasibətlərini yeni tələblərə uyğun səviyyədə qurur. O həm də kurikulum üzrə təlimçidir. Artıq neçə illərdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi “İnkişaf “ Elmi Mərkəzi və “Mədəd Azərbaycan” MMC ilə bağlanmış xidmət müqaviləsi əsasında Bakı şəhəri və onun rayonlarında “İbtidai təhsildə dərs deyəcək və təlimə ehtiyacı olan müəllimlər üçün yeni kurikulum” və “Fəal təlim” üzrə təlimlərdə təlimçi kimi fəaliyyət göstərir. İradə müəllim iki dəfə “Ən yaxşı müəllim” müsabiqəsinin (2009,2015) qalibi olmuş və Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə dövlət mükafatı almışdır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 sentyabr tarixli 757 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 25.02.2015-ci il tarixli 17 nömrəli sərəncamı ilə rayonun ictimai həyatında fəal iştirakına görə fəxri fərmanla təltif olunmuşdur. Gənc nəslin təlim-tərbiyəsində səmərəli pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. İradə müəllimə 2011 -ci ildə keçirilən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “ELEKTRON TƏHSİL” respublika müsabiqəsində “Su – həyatdır” adlı elektron dərsi, 2012- ci ildə “Gəlin birlikdə öyrənək” adlı Flaş-8 multimedia ilə hazırladığı elektron resurs ilə, 2013- cü ildə “G səsi və hərfi” elektron dərsi ilə, 2014-cü ildə “Heca” MİMİO XP elektron lövhə ilə hazırladığı elektron dərsi ilə, 2013- cü ildə 1-ci sinif Azərbaycan dili dərsi üçün “Dovşan” elektron dərsi ilə iştirak etmişdir. İki dəfə fərqlənərək müsabiqənin nominantı olmuşdur. O, öz üzərində işləyən müəllimdir.Təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş müvafiq konfrans və layihələrdə iştirak edərək daima öz təcrübəsini artırır. “eTwinning plus” layihəsi üzrə təcrübə mübadiləsi məqsədilə 2 projedə: “de la météo vers le mode de vie des élèves” (Fransa, İtaliya, Türkiyə) “ və „Developing creativity in after – school activities in primary classes“ (Portuqaliya, Litva) layihələrində 1 il ərzində iştirak edərək keyfiyyət sertifikatı almışdır. (11 noyabr 2014 – 31 may 2015-ci il ) Təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş konfrans və layihələrdə iştirak edərək daima öz təcrübəmi artırmağa çalışır. 5-7 noyabr 2015-ci ildə Türkiyənin Amasya şəhərində Amasya Universitetində “İDEAL-2015” II Dinamik Beynəlxalq Elmi - Yaradıcılıq konfransında “İnsanın təhsil modeli” adlı elmi məruzə ilə çıxış etmişdir. Məruzəsi dinləyicilər tərəfindən maraqla qarşılanmış, beynəlxalq mətbuatda dərc olunmuşdur. 21-22 dekabr 2013-cü ildə Morfo Gelişim Akademisi xətti ilə “Liderlik və innovativ öyretmənlər üçün seminar”da, 2-3 may 2015-ci ildə Azərbaycan -Türkiyə Yeni Ortaq Egitim Projesi üzrə "Konstruktiv təlim Flipped Classroomda" beynəlxalq treninqdə iştirak edərək sertifikat almışdır. 6-7 mart 2015-ci il-ci ildə Azərbaycan Təhsil Şurası Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən- hazırlanma İnstitutunda (BPKİYİ) bu elm ocağı ilə birlikdə “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki və praktik məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda “Şagirdlərə Qarabağda törədilən faciələrin mahiyyətinin öyrədilməsi –Xocalı faciəsi”adlı məruzəsi ilə çıxış etmişdir. 4- 5 dekabr 2014-cü ildə Təhsil Texnologiya Mərkəzinin təşkil etdiyi “Təhsil prosesində şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda keçirilən 3 günlük seminarda iştirak etmişdir. Seminarda Rusiya Təhsil Akademiyasının akademiki, Psixologiya elmləri doktoru, Beynəlxalq Humanist Pedaqogika mərkəzinin prezidenti yazıçı, psixoloq “Basti-Bubu” uşaq bağçasının elmi rəhbəri, professor Şalva Aleksandroviç Amonaşvilinin humanist pedaqogika hansı üstünlüklərə malikdir və şagirdlərə şəxsiyyətyönümlü-humanist yanaşma, yeni nəslin formalaşmasında bu yanaşmanın rolu haqqında maraqlı təcrübi fikirlərini öyrənərək təlim-tərbiyə işində tətbiq etməyə çalışır. 1-4 iyul 2015-ci il-ci ildə Pedaqoji kadrların peşəkarlığının yüksəldilməsi üçün ARTPİ-nin təşkil etdiyi “Mənəvi dəyərlərə əsaslanan təhsil” mövzusunda 4 günlük beynəlxalq seminarın iştirakçısı olmuşdur. Daim axtarışlarda olan İradə Məlikova mətbuatda və internet səhifələrində öz iş təcrübələri ilə paylaşır, pedaqoji qəzet və jurnallarla əməkdaşlıq edir, maraqlı rəy və məqalələrlə çıxış edir. İradə Məlikova yaradıcı müəllim kimi elmi məqalələri ilə dövri mətbuatda da mütəmadi çıxış edir: “Kurikulum əsasında hazırlanmış I sinif “Ana dili” dərsliyi və onun üstünlükləri” (“Azərbaycan məllimi” qəzeti. 2012. №1); “Fəal təlimdə didaktik oyunların yeri”. (“Kurikulum”jurnalı 2012№1), “Fəal təlim texnologiyalarını necə tətbiq edirəm” (Milli pedaqogika məktəbi” jurnalı – 2013): “Yazılışı çətin sözlər üzərində iş” (“Kurikulum” jurnalı 2013); “Fəal dərsin üstünlükləri”. (“Təhsil və zaman” qəzeti-21 may 2013); “Azərbaycanı tərənnüm edən görkəmli rəssam S. Bəhlulzadə haqqında pedaqoji düşüncələrim” ; “Didaktik oyunların keçirilməsi təcrübəsindən “ (“Kurikulum jurnalı-2013); “ Üç müdrik sənəti özündə birləşdirən böyük sənətkar”. (“Milli pedaqogika məktəbi” jurnalı -2014); “Müasir dərs necə olmalıdır?. (“Təhsil” jurnalı – 2015). Azərbaycan təşkilatı və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən “Həmkara Dəstək” layihəsi çərçivəsində” Mentorluq fəaliyyətinin təşkili və həyata keçirilməsi”ilə bağlı 5 günlük təlimin iştirakçısı olmuş, imtahan verərək mentor adını almışdır. Təlim modelləri əsasında “Yaradıcı müəllim – Yaradıcı rəhbər” – Lider müəllimlər akademiyası çərçivəsində keçilən təlim kursunu keçmiş, sertifikat almışdır. “ ELEKTRON məktəb üçün ELEKTRON müəllim”(30 saat), “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na Dəstək Proqramı əsasında Pedaqoji kadrların metodiki, elmi-nəzəri və təcrübi hazırlığının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən “Öyrədənlərin öyrədilməsi” layihəsi əsasında “Elektron tədris resurslarının hazırlanması və tətbiqi qaydaları” üzrə təlimin iştirakçısı olub. (6 – 8 yanvar 2014-cü il). “VEB 2.0 PASSİV TƏHSİLDƏN AKTİV TƏHSİLƏ DOGRU” (09-11 noyabr 2013), “VEB 3.0 PASSİV TƏHSİLDƏN AKTİV TƏHSİLƏ DOGRU “ (20-23 mart 2015 –ci il), “İKT bacarıqlarının təkmilləşdirilmsi” adlı layihə çərçivəsində MS Power Point. İspring Pro, Easy Gif Animator proqramları üzrə tam kurs. (3- 6 iyun 2013-cü il). “Elektron tədris resurslarının hazırlanması” istiqamətində Macromedia Flash Player 8 proqramının öyrənilməsi üzrə təlimin (6-9 iyun 2013) iştirakçısı olmuşdur. “MİMİO Xİ İnteraktiv lövhə ilə tədris” təliminin, (6-9 iyun 2009), “İNTEL” Gələcək üçün Təhsul Proqramının 64 saatlıq kursunu 17 sentyabr 2008-ci ildə fərqlənmə sertifikatı ilə bitirmişdir. Bu təlim və treninqlərdə öyrəndiklərini bir ibtidai sinif müəllimi kimi təhsilimizdəki yenilikləri, kurikulumun tələblərinə cavab verən meyarları pedaqoji fəaliyyətinə tətbiq etməyə ona geniş imkan verir. Gimnaziyanın ictimai işlərində fəal iştirak etməklə bərabər, gimnaziyada fəaliyyət göstərən “Günəş”radio qovşağının aparıcı rəhbəri, eyni zamanda ibtidai siniflər üzrə metodbirləşmənin sədridir. İradə Məlikova Təhsil Nazirliyi, Suraxanı rayon İcra Hakimiyyəti və gimnaziya rəhbərliyi tərəfindən dəfələrlə rəğbətləndirilmişdir.

вторник, 6 октября 2015 г.

Həyat qədər real.


       Həyat qədər real

 
Uşaqlar torpağa yenicə sancılmış ağaclar, müəllim isə bağban kimidir. Ağacın necə boy atacağı,  bar verib-verməyəcəyi bağbanın ona necə qulluq edəcəyindən asılıdır. Yaxşı bar əldə etmək üçün ağaca xüsusi qulluq olunduğu kimi, uşaq 

zəkasının inkişafı da ardıcıl, diqqətli, düşünülmüş yanaşma tələb edir. Uşaq aləmi sonu gerçəkləşən nağıl aləmidir. Müəllim bu nağıllar aləmində elə məharətli rol oynamalıdır ki, uşaq həqiqətə çatmaq yolunda çox əziyyətlərlə üzləşməsin, əksinə, optimal yollarla nail olsun.
İradə Məlikova da dərslərində bu prinsipə sadiq idi. O, dərsin hər bir məqamında bir başqa cür təsir bağışlayırdı. Məqamdan məqama dəyişir, siması dərsin tonuna uyğun ifadə alırdı. Birinci sinifdə “Dovşan” mövzusu uşaqlar üçün nə qədər yeni və əhəmiyyətli idisə, onun üçün də o qədər önəmli idi. Bu önəmlilik müəllimin də simasına sirayət edir, şagirdləri də ağuşuna alırdı. Beləliklə, sinifdə münasib öyrənmə mühiti yaranırdı. Bu mühitdə hamının öz rolu var idi. Dovşan bir bəhanəyə çevrilmişdi.
İradə müəllim motivasiya yaratmaq üçün müxtəlif heyvan şəkilləri nümayiş etdirdi. Heyvanların xüsusiyyətlərinə uyğun olaraq – zəhərlidir, sürünür, sədaqətlidir, hürür, meşələr kralıdır, yırtıcıdır, ən hündür heyvandır, əyripəncə, bal sevəndir, haçaqulaqdır, qorxaqdır, çəpgözdür-kimi əlamətləri irəli sürdü. Şagirdlər mövzunun Dovşan olduğunu müəyyənləşdirdilər. Bundan sonra əvvəlcə müəllim, sonra  isə şagirdlər “Dovşan” şeirini düzgün tələffüz etməklə oxudular.
 O, mövzudan istifadə edərək şagirdlərinə müqayisə, araşdırma aparmaq, nəticə çıxarmaq, problemli vəziyyətdən çıxmaq, əməkdaşlıq şəraitində işləmək imkanları aşılayırdı. Əlbəttə ki, söhbət ilkin elementlərdən gedir. Dovşan bizə adi görünsə də, müəllim onunla şagirdlərinin gözü qarşısında yeni bir mərhələ açırdı. Və bunu elə inandırıcı və təsirli  edirdi ki, sanki hər şey real həyatda baş verir. Elə bil ki, şagirdlər bu an əlləri ilə dovşana toxunur, onu canlı-canlı görüb xarakterizə edirdilər. İradə Məlikova lazım olan sözü lazım olan anda ifadə edir və bu ifadəni sinfin ümumi ahəngi ilə uzlaşdırır, şeirdə yazılışı ilə deyilişi fərqli olan sözləri şagirdlərdən “alır”, şeirin məzmununu müzakirəyə cəlb edirdi. Bununla da sinfi bütünlüklə fəallaşdırır, əslində elə bir vəziyyət yaradırdı ki, artıq problemin qrup şəklində həll olunması zərurətə çevrilirdi. Ümumiyyətlə, İradə Məlikovanın fəaliyyətinin məğzində problemi zəruriləşdirmək və aktuallaşdırmaq və bu aktuallığı şagirdlərinə aşılamaq istedadı dayanır. Problem meydana qoyulur və real şəkildə təsvir edilir.
O, inandırıcı təsvir qurmaqla şagirdlərini mövzuda baş verən hadisələrin mərkəzinə qanadlandırıb aparmağı bacarır. Dərsin bu məqamında şagirdlərin ən yüksək səviyyədə maraqlarının təmin olunduğu görünürdü.  Şagirdlərin baxışlarındakı parlaq ifadə əslində müəllimin özünəinam hissi aşılayan səsindən, inandırıcı təsvirlərindən və simasındakı ifadədən güc alırdı. Bu baxışların altında mükəmməl öyrənmək həvəsinin də alışıb yandığını görürdüm.  O, mövzu ətrafında dolanaraq şagirdlərində təbiətə, bütün canlı varlıqlara, ətraf aləmə məhəbbət hissi aşılayır, sinifdə sanki bir canlı orqanizm yaradırdı. Hər bir şagird bu orqanizmin ürəyi olmaq uğrunda çalışırdı. Bununla o, sinfin də ürəyinə çevriləcək, müəlliminin hüsnü – rəğbətini qazanacaq, seçilən şagird olacaqdı. İradə müəllimin tapşırıqlarını yerinə yetirmək, onun sevimlisi olmaq hər bir şagirdin arzusu kimi görünürdü. Bunun üçün müəyyənləşdirilmiş tapşırıqlar yerinə yetirilməli idi. Bu tapşırıqlar yalnız sinfdə yerinə yetirilənlər deyildi, həm də evdə, tətildə belə icra olunurdu. Yeri gəlmişkən deyim ki, tətildə icra olunmaq üçün verilən tapşırıqları uğurla icra edən şagird müəllimin xüsusi hədiyyəsi ilə təltif edilir.
Mövzu ətrafında qruplara tapşırılmış sullarda məsələyə yalnız problem həll etmək nöqteyi nəzərindən deyil, mahiyyətin qavranılması mövqeyindən yanaşılmaq tələb olunurdu. Qrupların suallarına diqqət yetirək: “Şeirdə nədən söhbət gedir? Şeiri nəzmə çevirin”, “Dovşan və sincabların oxşar və fərqli xüsusiyyətlərini VENN diaqramı vasitəsilə yazın”, “Mətndən götürülmüş sözlərə yaxınmənalı sözlər yazın və cümlələrdə işlədin: qaçmaq, çalışmaq, ayaq saxlamaq”, “Mətndəki birhecalı, ikihecalı, üçhecalı sözləri tapıb cədvəl üzrə qruplaşdırın. Dovşan sözünü fonetik təhlil edin”. Müəllim dərsliyin verdiyi imkandan istifadə edərək, mövzunun həm qrammatik, həm də ideya baxımından dərk olunmasına nail oldu. İradə Məlikova üçün də dərsin hər bir anı qiymətli olduğu kimi, mövzunun da hər bir məqamı  əhəmiyyət daşıyrıdı. Özünün yaratdığı məqamlarla da dərsi zənginləşdirir, daha çox informasiya ötürməyə çalışırdı. Təbii ki, bu zaman dərketmənin optimallığını gözləyirdi. O, dərsin sonunda dovşanlar haqqında nümayiş etdirdiyi video-filmlə informasiyanın daha da zənginləşməsinə nail oldu.
İradə Məlikova riyaziyyat dərsində çox maraqlı bir şəkildə dərketmə prinspi irəli sürürdü. O, tərtib etdiyi məsələlərdə vətənpərvərlik hissləri aşılayan məqamları yerləşdirməkə, həm şagirdinin düşüncələrində vətən sevgisi toxumlarını səpir, həm də bu sevginin fonunda riyazi məsələləri aşılayırdı. Məsələn: Xocalı şəhərinin müdafiəsində 3 helikopter, 5 zirehli maşın iştirak edirdi. Xocalının müdafiəsində cəmi neçə nəqliyyat iştirak edirdi? Doğrudur, belə suallar dərsliklərdə mövcuddur. Amma İradə Məlikovanın qoyduğu bu suallar monitorda hərbi vətənpərvərlik aşılayan mahnılar, işğal altında olan torpaqlarımızın nümayişi ilə müşaiyət olunurdu. O, bununla şagird qəlbinin ən dərin qatlarında vətən sevgisinin oyanmasına yol açırdı.
İradə müəllim Azərbaycan dili yazı dərsini pianino arxasında sözləri və musiqisi özünə məxsus olan “Ana” mahnısı ilə başladı. Müəllimin və şagirdlərin  məlahətli səsi sinifdə dördüncü dərs olmasına rəğmən xoş əhvali-ruhiyyə yaratdı. Dərsin musiqili ahənglə başlanması onun sonrakı mərhələlərinin yüksək səviyyədə keçəcəyinə təminat verirdi.
İradə Məlikova  uzun illik pedaqoji fəaliyyəti ərzində yetirmələri üçün mayak rolunu oynamağı bacaran müəllim olmuşdur. İllər öncə, o, hələ kiçik məktəbli ikən anası balaca İradənin əlindən tutub yaşadıqları Şağan kəndindən Mərdəkana kitab-dəftər almağa aparıb. Qayıdanda İradə anasının aldığı rəsm albomunu əlində saxlayıbmış. Sevincinin həddi-hüdudu yox imiş. Sabah məktəbdə bu albomun vərəqlərinə cürbəcür rəsmlər çəkəcəyini düşünürmüş. Avtobusda uzun boylu, ağ saçları çiyninə tökülmüş, arıq, qəribə görkəmi olan bir kişi balaca məktəblidən əlindəki albomu istəyir. İradə könülsüz halda albomu verir.  Tez-tez də albomundan nigaran halda arxaya çevrilib baxır. Düşünür ki, görəsən bu adam albomu ondan nə üçün alıb? Qəribə görkəmli  adam uzun arıq barmaqları ilə alboma nə isə çəkirdi. Bir müddət sonra qəribə adam albomu qaytarır. İradə alboma baxanda gözlərinə inanmır. Göy flamasterlə mənzərə rəsmi çəkilmişdi. Ona qarışıq kimi görünən rəsmin yuxarı hissəsində S.B. yazısı diqqətini cəlb etsə də buna əhəmiyyət vermir. Evə gəlib rəsmi atasına, səhər isə müəllimnə göstərir. Onlar İradəyə bu rəsmi saxla, deyirlər.  İllər keçir. Bir dəfə İnstitutda rəsm dərsində bu əhvalatı müəllimi Rauf Səmədova danışır. Yeri gəlmişkən qeyd edim ki, İradə Məlikova Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirib. Müəllimi, hanı o rəsm?- deyə soruşur. Təəssüf ki, İradə o rəsmi tapa bilmir. Müəllimi isə İradəyə, - sən Səttar Bəlülzadə ilə qarşılaşmısan, deyib. Əlindəki rəsm albomumu görüb. Düşünüb ki, sən rəsm həvəskarısan. Odur ki, albomu səndən alıb və  rəsmi çəkib. Tale elə gətirib ki, İradə Məlikova 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu qırmızı diplomla bitirdikdən sonra öncə Buzovna qəsəbəsindəki 234 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlasa da, 1993-cü ildən həyatını Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya ilə bağlayıb. İradə müəllimin əldə etdiyi uğurlar məhz bu təhsil ocağındakı fəaliyyəti dövrünə təsadüf edir. Müəllimlik peşəsinə qəlbən bağlılığı İradənin qarşısında uğur qapılarını taybatay açıb. Qısa zaman ərzində Gimnaziyanın ən yaxşı müəllimləri ilə bir cərgədə dayanıb. İradə Məlikova Gimnaziyanın yerləşdiyi qəsəbədə nüfuzlu müəllim kimi tanınıb. İradə müəllimin sinfində övladlarının dərs alması valideynlərin arzusuna çevrilib. Bu da təsadüfü deyil. İllər keçdikcə İradə müəllimin şagirdlərinin nailiyyətləri dillər əzbərinə çevrilib.  Müəllimin təlim prosesində zamanın tələblərindən çıxış edərək təlimə yanaşma metodkiası, şagirdlərində elmə, həyata, əməyə, vətənə məhəbbət oyatmaq bacarığı onu bir müəllim kimi sevdirib. Zaman keçib. İradə müəllimin yetirmələrinin sorağı yüksək mövqelərdən eşidilib. Aşıladığı vətəndaşlıq qayəsi hər bir yetirməsinin yolunda çıraq kimi işıq saçıb. Müxtəlif sənət, peşə sahibləri yetirib İradə müəllim. Məktəbi qızıl medulla bitirmiş iki şagirdi də ustad müəllimin fəxarət yerinə çevrilib. Bu gün neçə-neçə yetirməsi onunla çiyin-çiyinə müəllimlik adını şərəflə daşıyır.
İradə müəllimin pedaqoji fəaliyyəti onun ictimai fəaliyyəti ilə daim vəhdətdə olub. O, elmi-pedaqoji icimaiyyətin marağına səbəb olan elmi-təcrübi konfransların, seminarların, təlimlərin fəal iştirakçısıdır. 2015-ci ilin mart ayında Təhsil Şurasının keçirdiyi “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodki və praktik məsələləri” mövzusunda elmi-təcrübi konfransa “Xocalı soyqrımının təlim-tərbiyə prosesində şagirdlərə izahı” mövzusu ilə qatılmışdı. İradə müəllim qoşulduğu beynəlxalq layihələrdə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına öz töhfəsini verməyə çalışır. “Uşaqlarımızın yaradıcılıq işləri”, “Bizim ölkəmizin iqlimi sizin gözlərinizlə” mövzusunda beynəlxalq layihələr bu qəbildəndəir. İradə müəllimin şagirdləri bu layihələr çərçivəsində İngiltərələli və Fransalı həmyaşıdlarına Azərbaycan haqqında məlumat verirlər.  
İradə Məlikovanın pedaqoji mətbuatla əlaqələri də diqqətəlayiqdir. O, ayrı-ayrı pedaqoji mətbuat orqanlarında “Ana dili dərsliyi hansı üstünlükləri ilə seçilir”, “Fəal təlim texnologiyalarını necə tətbiq edirəm”, “Fəal təlimdə didaktik oyunların yeri”, “Müasir şəraitdə ana dili və riyaziyyat təliminin yeni məzmunu: təlim nəticləri, məzmun standartları haqqında”. “Azərbaycanı tərənnüm edən görkəmli rəssam haqqında pedaqoji düşüncələr”, “Yazılışı çətin olan sözlər üzərində iş”, “Fəal təlimin üstünlükləri” və digər elmi-metodiki məqalələrlə oxucularının görüşünə gəlmişdir.
İradə Məlikovanın təhsildə əldə etdiyi nailiyyətlər ona təqdim olunan təltiflərdə öz təcəssümünü tapmamdadır. O, 2008-2009-cu dərs ilində ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 2014-cü ildə isə “Tərəqqi” medalına layiq görülüb.
Artıq neçə illərdir ki, Xarici Dillər Təmayüllü Gimnaziyanın pedaqoji və şagird kollektivini təhsil ocağının “Günəş” radio qovşağından məlahətli bir səs salamlayır. Bu səs neçə-neçə şagird qəlbini hərarətləndirən İradə müəllimin səsidir. Bu səs hələ neçə-neçə şagird qəlbini isidəcəkdir…
http://tehsil-zaman.blogspot.com/2015/05/hyat-qdr-real.html      

Böyükağa MİKAYILLI

среда, 11 февраля 2015 г.

пятница, 16 января 2015 г.

Cənab prezident müəllimlərin maaşını artırdı.

">">

16 yanvar 2015, 17:20 Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında Azrəbaycan Respublikası Prezidentinin Sərəncamı Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 4. Bu Sərəncamın 1-ci hissəsi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 yanvar 2015-ci il.